Yay gəldi… Artıq çoxları yay üçün geyim alış-verişinə başlayıb. İnsanlar qarderoblarını yeni yay geyimləri ilə yeniləmək istəyirlər.
Bəs, qarderobumuzu hansı rənglərlə bol edək? Bu il hansı rənglər dəbdə olacaq?
Bütün bu sualları AZXEBER.COM-a açıqlamasında ekspert Kövsər Orucova cavablandırıb.
Bu il gündəlik geyimlərin sırasında ən aktual rənglər yaşıl, sarı, göy, qırmızı, ağ və qara olacaq.
Rəngarənglik bu il geniş yayılacaq. Geyim tərzinə gəlincə, hər kəs öz tərzində, lakin rəngli geyimlərdən istifadə edəcəklər. Gündəlik geyimlər sırasında şortlar, enli şalvarlar, uzun ətəklər öz aktuallığını qoruyacaq.
Həmişə olduğu kimi bu il də yay mövsümünün dəbli rəngləri əlvan olacaq. Yay ayları üçün bütün rənglər dəbdədir.
Qeyd etmək lazımdır ki, yay olmasına baxmayaraq, bu il ağ-qara rənglər də dəbdə olacaq. Ən çox diqqət çəkən rənglər isə mavi və çəhrayı rənglərdir. Kokteyl və ziyafət libasları seçərkən nəyə diqqət edək?
Kokteyl və ziyafət geyimlərinə gəlincə isə, daha çox dizin altı və üstündə olan paltarlar aktual olacaq. Xanımlar bu il ən çox dekolte, tək çiyinli gecə paltarlarına üstünlük verəcəklər. Gecə paltarlarına seçilən rənglər sırasında isə qara və qırmızı rənglər üstünlük təşil edəcək.
Brendlərə nəzər salsaq, görərik ki, bu il də “Dolce Gabana” və “ZARA” brendi öndə olacaq.
Ekspertin fikrincə, bu il enli balaqlı şalvarlar, dekoltelər, şortlar, uzun ətəklər, enli köynəklər dəbdə olacaq. Amma geyinərkən bədən ölçülərinə diqqət etmək lazımdır. Bəzən uyğun seçilməyən paltarlar heç də xoş olmayan görüntü yaradır.
K.Orucovanın sözlərinə görə, bu il hündürdaban ipli ayaqqabılar dəbdə olacaq. Ayaqqabılarda da rəngarənglik üstünlük təşkil edəcək. Bu il ayaqqabı və çantalarda Şərq naxışları aktual olacaq.
Çantalar və kəmərlərdə çiçəklər və qaşlı bəzəklər bol istifadə olunacaq. En çox istifadə olunan rənglər çəhrayı, ağ, qara olacaq. Ekspert dolu xanımlara da öz məsləhətlərini verib:
“Dolu xanımlar uzun yubkalardan istifadə etməsinlər, çünki uyğun seçilməyən paltarlar xoşagəlməz görüntü yaradır”.
Bəs görəsən bu il dəniz geyimlərində hansı rənglərdən istifadə olunacaq?
Yay deyincə, insanın ilk ağlına gələn dənizdir. Bildiyimiz kimi , artıq dəniz mövsümünə start verilib. Yay mövsümünün ən əyləncəli mərkəzi dənizlərdə uzun salafanlar və enli şlapalar dəbdə olacaq. Onu da qeyd etmək lazımdır ki, dənizdə də ağ-qara rənglər üstünlük təşkil edəcək.
Qeyd edək ki, bu ilin yaz-yay modasında üzünüzə heç bir makiyaj etməməyə çalışın. Almacıq sümüklərinizi ənliklə ön plana çıxarmaqla daha gözəl görünə bilərsiniz. 90-cı illərdə olduğu kimi, boyanmış göz altları və qırmızı dodaq boyaları da bu yayın favoriti olacaq. Bu mövsümdə gözlər heç olmadığı qədər cazibəli və rəngli görünməlidir. 2013-cü ilin yaz-yay modasında daha çox qısa saç tipləri dəbdə olacaq. Bu ilin dəbi kare və bob saç formalarıdır.
Qeyd edək ki, qısa saç düzümləri hər zaman aktuallığını qorumağı bacarır.
Kişi geyimlərinə gəlincə isə rəngli şalvarlar çox aktual olacaq. Klassik üsluba üstünlük verən bəylərimiz isə rəngli kostyumlardan istifadə etsələr, yaxşı olar. Kişi geyimlərində albalı rəng, qırmızı, qara, qəhvəyi, göy rənglər, iki yaxalı və tək yaxalı pencək formaları dəbdədir.
Dəbdən söz açmışkən dodaq boyalarına da toxunmaq lazımdır. Çünki dodaq boyaları geyimin tamamına, daha da çəkici görünməsinə yardımçı olur. Belə ki, bu yay rəngli, parıltılı dodaq boyaları aktual olacaq. Yayı eynəksiz təsəvvür etmək olmaz. Ən çox istifadə olunan aksesuarlar içində yer alan eynəkləri geyimlərinizə uyğunlaşdırmağa çalışın. Geyiminizə uyğun eynəklər almaqdan çəkinməyin.
Psixoloqlar isə yaya psixoloji olaraq tamamən hazırlıqlı olmağı məsləhət görür. Çünki isti havalarda əsəbi gərgin, stresli insanlar tez qıcıqlana, əsəbiləşə bilərlər. Buda sizə yayın dadını çıxartmağa mane ola bilər.
Fatimə İbrahimova