"Bunu İran tərəfindən növbəti bir təxribat kimi qiymətləndirmək olar”.
12:30 20.08.2011
1375
Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü və Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli bu qənaətdədir. Onun sözlərinə görə, İran Silahlı Qüvvələr komandanı Həsən Firuzabadinin Azərbaycanla bağlı məlum fikirləri də İran tərəfdən yenə müstəqil dövlətimizə qarşı bir təxribat kimi dəyərləndirilməlidir. Firuzabadinin başçılıq etdiyi bu silahlı qurumun birbaşa dini lider Xomneyiyə bağlı olduğunu deyən S.Rəhimli əlavə edib ki, bu məsələyə bir pəncərədən baxanda, bu ənənəvi səslənən fikirlər kimi olacaq. “Mən bu məsələyə başqa aspektdən yanaşmaq istəyirəm. Bu gün İranın daxilində baş verən hadisələr digər millətləri düşünməyə vadar edir ki, “İran bir zindan ölkəsidir və bütün millətlərin haqq və hüquqlarını tapdalayır”. Bildiyimiz kimi, İranda seçkidən sonra “Yaşlılar hərəkatı” adı altında bir oyanma başladı. Ölkədə baş verən tutulmalar, asılmalar, ölümlər və İran milli fəalların kənara çıxması ilə bağlı İranın mövcud siyasi rejimi bəzi çalışmalar apardı. Həsən Firuzabadi tərəfindən səslənən bu fikir məhz İranın içində narahatlığın ifadəsidir”, –o deyib. İranda Cənubi Azərbaycan Milli Hərəkatının fəaliyyət göstərdiyini xatırladan S.Rəhimli bu hərəkata qarşı mövcud siyasi sistem –Tehran rejimi amansızcasına milli mübarizəni susdurmaq üçün əlindən gələni etdiyini söyləyib: “Təbii ki, Firuzabadi bu fikri ilə İranın silahlı qüvvələrinin və siyasi rejiminin mahiyyətini ortaya qoyur. Azərbaycan dövlətində rəsmi orqanlar, ictimai siyasi qurumlar bununla bağlı kifayət qədər münasibət bildiriblər. Amma qarşı tərəfin bir üzr borcu var. Əgər İran tərəfi üzr istəyərsə, Azərbaycan dövləti, ictimai siyasi qurumları, Dünya Azərbaycanlılar Konqresi də İranla bağlı səsləndirilən bu fikirləri dayandıra bilər”.O, deyib ki, qloballaşan dünyada İran partnyor olaraq Rusiya və Çinə arxalanır. İranın apardığı müsəlman siyasətinin özü müsəlmançılığa aidiyyəti olmayan bir siyasətdir. Harda türk, müsəlman anlayışı var, İran orda bir az tərəddüd edir. İran daha çox çalışır ki, regional münasibətlərdə, islam dini adı altında, xüsusilə də şiə təriqəti adı altında bu mövqeyini genişləndirsin. Ona görə də İran həm Azərbaycanın şimalında, Borçalıda, həm də Dərbənddə çox böyük çalışmalar aparır. O ki, qaldı İrana başqa dövlətlərin maraqları, başqa dövlətlərin təsirilə idarə olunması və yaxud da onun beynəlxalq münasibətlərdəki duruşuna, əlbəttə ki, belə bir nəticəyə gəlmək olar ki, əgər doğrudan da İranla bağlı dünyanın konkret bir mövqeyi olacaqsa, onda Cənubi Azərbaycanda yaşayan 40 milyon Azərbaycan türkünün ortaq maraqları var deməkdir. Bu bölgədə tarixi ədalətsizlik baş verdiyindən millətimiz parçalandı. Parçalandığı gündən bu günə qədər millətimiz birləşmək üçün çalışır. İranda, xüsusilə də Pəhləvilər hakimiyyətə gəldikdən sonra İran fars şovinizm siyasəti millətimizin bütün dəyərlərini dağıtmaq, onun mədəniyyətini, dilini və bütün varlığını əlindən almaq üçün əlindən gələni etməkdədir. S.Rəhimli deyib ki, bu ölkədə insan haqlarının pozulması onun süqutunu sürətləndirə bilər: “Təhlükə bu gün ondadır ki, İran islam dini altında bu məsələləri aparır. İran məsələsi ilə bağlı təkliflər ortaya gəldikdə biz də öz təkliflərimizi irəli sürəcəyik. İslam dini mövcud siyasi İran rejimi tərəfindən necə ki, bu gün bütün azadlıqlarını itirib, biz isə təbii ki, öz dinimizə sahib çıxıb millətimizi qoruyacağıq. Biz beynəlxalq hüquq normalarına uyğun olaraq onların hüquqlarına hörmətlə yanaşacağıq, eyni zamanda da farslarla normal münasibətlərimiz olacaq. Bu gün islam adı altında İran bir sıra siyasət aparır. Bu gün İran bizim Cənubi Azərbaycanda “Milli Oyanış Hərəkatının “ üzvləri, Cənubi Azərbaycan İstiqlal Partiyasının üzvləri, Cənubi Azərbaycan Qurtuluş Partiyasının üzvləri və digər təşkilatın üzvlərini tutur və tutmaqla bərabər işgəncələr verir. Bu gün İran konstitusiyasına zidd olan hər hansı bir hərəkat varsa, onu qanun çərçivəsində cəzalandırmaq ədalətli olardı. İran şovinist siyasətinin bütün məqsədi sıx yaşayan bölgələrdən azərbaycanlıların köç edilməsi, müxtəlif yollarla onlara təzyiqlər göstərilməsi və bir sözlə, milli hərəkatı susdurmaq və bu hərəkatın hədəfini başqa yerə yönəltməkdir”.