Bura nə İsveçrədir, nə də... - Suqovuşanı bir də belə GÖRÜN - VİDEO

Bura nə İsveçrədir, nə də... - Suqovuşanı bir də belə GÖRÜN - VİDEO
SOSİAL
13:24 19.10.2023
6218
Tərtər rayonunun Suqovuşan yaşayış məntəqəsinin hərbi əhəmiyyəti nə idi?

Hərbi ekspertlərin fikrincə, Suqovuşan şimal istiqamətində irəliləmə və əraziyə nəzarət baxımından olduqca önəmli rola malikdir. Suqovuşanın azad olunması bizim bu bölgədəki strateji yollara da nəzarətimizi təmin edib və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər yaradıb. Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi. Birinci növbədə ona görə ki, strateji yollar artıq bizim nəzarətimizdə idi, ikincisi ona görə ki, əgər buradan düşmən öz canlı qüvvəsini başqa yerlərə çəksəydi, əlbəttə, Azərbaycan Ordusu bu istiqamətdə bundan sonra da böyük dərəcədə irəliləyə bilərdi.

Kənd ilk dəfə 1991-1992-ci illərdə işğaldan azad edilsə də, 1994-cü ilin aprelində yenidən işğal olunub.

Nəhayət, Azərbaycan Ordusu 3 oktyabr tarixində Tərtər rayonunun Talış və Madagiz kəndlərini işğaldan azad edib.

Bir neçə gün öncə Suqovuşan istirahət parkına media-tur təşkil olunub.

Media-tur çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova KİV nümayəndələrinə məlumat verib ki, 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarının ətrafında park yaradılıb, əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Həmçinin ərazisi 7,5 hektar olan parkda turist informasiya mərkəzi, kafe, üzən estakada, turistlərə xidmət göstərəcək nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb. Burada geniş yaşıllaşdırma işləri görülüb, 5 minə yaxın ağac və kol əkilib.
 
Xatırladaq ki, Suqovuşan istirahət parkının təməli 2022-ci il martın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Oktyabrın 15-də Prezident İlham Əliyev Tərtər rayonuna səfəri zamanı Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib, yaradılmış turizm infrastrukturu və abadlıq işləri ilə yaxından tanış olub.

Ayşən Mirzəyeva
 
OXŞAR XƏBƏRLƏR