“Burada radikallar üçün heç bir imkan yoxdur” - İlham Əliyev

“Burada radikallar üçün heç bir imkan yoxdur” - İlham Əliyev
SİYASƏT
17:40 18.10.2016
1484
"Azərbaycanda radikal islamın yayılmasıyla bağlı potensial risk və təhdid yoxdur”

 

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev "RİA Novosti”yə müsahibəsi zamanı deyib.

"Mən belə deyim: Bizdə ölkə daxilində bu mənada təhlükə yoxdur. Bizim cəmiyyət milli ideya ətrafında möhkəmlənib. Bu, bizim dəyərlərin prioritetliyinə, multikulturalizmin təşviqinə əsaslanır. Yeri gəlmişkən, bu il Azərbaycanda multikulturalizm ili elan edilib. Bizim cəmiyyət Azərbaycanın ərazi bütövlüyünün bərpası, eləcə də müstəqilliyimizin möhkəmləndirilməsi və bütün iqtisadi və sosial məsələlərin həlli ideyasında birləşib. Ona görə də, burada radikallar üçün imkan yoxdur: nə iqtisadi, nə sosial - belə baza yoxdur”, - deyə prezident qeyd edib. 

Azərbaycan prezidentinin sözlərinə görə, bu gün ölkənin qarşısında dayanan başlıca vəzifə dini ekstremizm də daxil olmaqla özünü mənfi xarici təsirlərdən qorumaqdır: "Bizim cəmiyyət öz köklərinə dərindən bağlıdır: həm milli, həm mənəvi, həm də dini baxımdan. Biz müqəddəslərimizə qayğıyla yanaşırıq. Lakin eyni zamanda cəmiyyətimiz müasir və dünyəvidir. Zənnimcə, Azərbaycan timsalında müasir dünyəvi müsəlman dövləti nümunəsi kifayət qədər öyrənilməyib. O, bir çox ölkələr üçün yaxşı nümunə ola bilərdi. Buna görə də, radikallıqla mübarizədə bizim üçün başlıca məqsəd özümüzü mövcud xarici fiziki və informasiya təhlükələrindən qorumaqdır”. 

Prezident vurğulayıb ki, Azərbaycan vətəndaşları hər gün Avropa ölkələrində, MDB məkanında, Yaxın Şərqdə olan qaynar nöqtələrdə baş verənləri görür və bu, Azərbaycan cəmiyyətini daha da sıx birləşdirir: "Bu, radikallıqdan ən böyük "peyvənd”dir. Lakin bütün bunlara baxmayaraq, müasirlik, dünyəvilik, xeyrin şər üzərində üstünlük qazanmasına istiqamətlənmiş siyasətimiz üzrə fəaliyyətimizi bir dəqiqə belə zəiflətməməliyik. Biz bu istiqamətdə mütəmadi olaraq çalışırıq”.
OXŞAR XƏBƏRLƏR