Aşıq Namiq Fərhadoğlu "Sənin ulduzun” adlı yeni layihəyə start verib.
AZXEBER.COM xəbər verir ki, "Dünya TV”-də yayımlanan müsabiqənin münsif kürsüsündə əməkdar artist Cavanşir Məmmədov, Babək Niftəliyev, Ruhəngiz Allahverdiyeva və aşıq Namiq əyləşib.
Layihə haqda danışan Namiq Fərhadoğlu bildirib ki, qalibə avtomobil hədiyyə olunacaq: "Bir müddətdir ki, layihənin anonsları gedirdi. Bu dəfə müsabiqədə müğənnilər yarışır. Münsif kürsüsündə özüm, əməkdar artist Cavanşir Məmmədov, xanəndə Babək Niftəliyev, Ruhəngiz Allahverdiyeva əyləşib. "Köklə sazı” layihəsi kimi "Sənin ulduzun”un qalibinə də avtomobil hədiyyə edəcəyəm. Layihənin ilk günü uğurlu alındı, reytinq cədvəlində özünə məxsus yer tutdu. Münsiflərimiz də iştirakçıları doğru istiqamətləndirdi, doğrularını və yanlışlarını göstərdi. Bu hal məni sevindirir. Mən musiqimizin inkişafı üçün çalışıram. İnanıram ki, incəsənətimizə arzuladığım töhfələri verməyi bacaracağam”.
Müsabiqə qalmaqalsız ötüşməyib. Münsiflər iştirakçıların fonoqram oxumasına etiraz ediblər. Əməkdar artist Babək Niftəliyev iştirakçıları canlı oxumağa çağırıb: "Biz ifaçılara öz iradlarımızı bildirməliyik. İstəyirik ki, fonoqramlar yığışdırılsın. Hər kəs əsl səsini nümayiş etdirsin. İştirakçılar oxuduqları mahnıları yaşatsınlar”.
Müğənni Ruhəngiz Allahverdiyeva iştirakçılara öz iradını bildirib: "Çox gözəl layihədir. İzləyicilər öz fikirlərini sms vasitəsilə bildirəcəklər. Oxuyanlar səhnədə geyimlərinə, hərəkətlərinə, ifalarına diqqət etsinlər”.
Əməkdar artist Cavanşir Məmmədov deyib ki, Lətafət Məhərrəmlinin ifasını yüksək qiymətləndirir: "Bu xanım sanki illərdir ki, səhnədədir. Geyimi, səhnə performansı gözəl idi. Bəzi iştirakçılar oxumaqla yanaşı rəqs də edirlər. Biz efirə toyxana gətirmək istəmirik. Sənət başqa şeydir. Biz xalqımıza xidmət edirik. Dövlət bizə fəxri ad verməyib ki, sinəmizi qabağa verib gəzək. Biz adı zəhmətlə qazanmışıq, incəsənətin inkişafı üçün çalışırıq. Bu müsabiqədə tapşırıq, qohumluq keçməyəcək. Kim qalibiyyətə layiqdirsə, o da birinci olacaq”.