Müştəriləri aldatmaqda ittiham olunan şirkət haqqında deyilənlərlə razılaşmır
Bir neçə gün öncə Editor.az İnformasiya Portalında “”Buta sığorta” müştəriləri necə aldadır?” adlı məqalə dərc edilib. Məqalədə ölkəmizin avtomobil kirayəsi sektorunda xüsusi çəkisi olan “Kral Rent a Car” şirkətinin direktoru Rövşən Tağıyev “Buta sığorta” ASC-nin onlarla aralarında əldə edilmiş öhdəliklərə əməl etmədiyini və hüquqlarının kobud şəkildə pozulduğunu bildirmişdi.Yazının dərcindən sonra “Buta sığorta” ASC məqalədə əksini tapan ittihamlarla bağlı Editor.az-ın ünvanına şirkətin rəsmi mövqeyini əks etdirən məktub göndərib. Editor.az “KİV haqqında” qanunun müvafiq bəndlərinə əsasən şirkətin mövqeyini olduğu kimi dərc edir:
AZXEBER.COM İnformasiya portalının rəhbərliyinə!
“Saytınızda yerləşdirilmiş “Buta sığorta” müştəriləri necə aldadır? adlı məqalə “Buta Sığorta” ASC-nin işgüzar nüfuzuna və biznes imicinə zərbədir. Bununla bağlı şirkətimizin aşağıda qeyd edilən mövqeyinin dərc edilməsini xahiş edərik, əks halda tərəfimizdən məhkəməyə müraciət ediləcək.Bildirmək istəyirik ki, portalınıza müraciət edən “Kral Rent a Car” Şirkətinin direktoru Rövşən Asəf oğlu Tağıyev öz mülkiyyətində olan bir neçə avtomobilini, daha konkret desək 19 avtomobili “Buta Sığorta” ASC-də “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin tam sığortası üzrə” Qaydalara əsasən sığortalamışdır. Qeyd edilən avtomobillərin ümumi sığorta haqqları 38 183,94 (otuz səkkiz min bir yüz səksən üç manat doxsan dörd qəpik) manat təşkil etdiyi halda, bu günki tarixə 25 039,05 (iyirmi beş min otuz doqquz manat beş qəpik) manat sığorta haqqı qismində Şirkətimizə ödənilmişdir. Ümumilikdə isə, bu günədək Şirkətimiz tərəfindən şikayətçi R. Tağıyevə baş vermiş 16 yol-nəqliyyat hadisəsi üzrə ödənilmiş sığorta ödənişlərinin cəmi 43 717,08 (qırx üç min yeddi yüz on yeddi manat səkkiz qəpik) manat təşkil edir.
R.Tağıyevin sizə müraciət edərək Şirkətimizdən şikayətçi olmasına əsas verən səbəb 15.07.2014-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş “Range Rover Sport” markalı, 90 VS 096 dövlət qeydiyyat nişanlı minik avtomobilinə sığorta ödənişinin edilməsindən imtina edilməsi olmuşdur. Qeyd edilən avtomobil 14.06.2014-cü il tarixdə “Buta Sığorta” ASC-də Mİ-P-140412-M01 saylı sığorta müqaviləsi əsasında sığortalanmışdır. Həmin müqavilədə şikayətçi tərəfindən müqavilənin bağlandığı gün, yəni, 14.06.2014-cü il tarixə hissələrlə ödənilməli olan sığorta haqqının birinci hissəsinin – 395,00 (üç yüz doxsan beş) manat məbləğin ödənilməsi öhdəliyi qoyulmuşdur. Lakin müqavilədə göstərilmiş tarixdə, sığorta haqqı ödənilməmiş və sığorta müqaviləsi qüvvəyə minməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.4-cü maddəsinə görə müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
Eləcə də, sığortalı tərəfindən razılaşdırılaraq imzalanmış Mİ-P-140412-M01 saylı sığorta müqaviləsində də sığorta haqqının ilk hissəsi ödənilmədiyi halda sığorta müqaviləsinin qüvvəyə minməməsi və sığortaçının heç bir öhdəliyi yaranmadığı qeyd edilmişdir. R.Tağıyev tərəfindən imzalanmış sığorta müqaviləsinin qeyd hissəsi qeyd edilən məsələni aşağıdakı qaydada tənzim edir:
“Ümumi sığorta haqqı hazırki sığorta şəhadətnaməsində göstərilən sığorta müddətinin başlama tarixindən etibarən 15 (on beş) gün ərzində ödənilməzsə, sığorta müqaviləsi avtomatik olaraq qüvvədən düşmüş hesab olunur. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı halda, onun birinci hissəsi sığorta şəhadətnaməsində göstərilən sığorta müddətinin başlanma tarixində ödənilməlidir, əks halda sığorta müqaviləsi qüvvəyə minmir və sığortaçının heç bir öhdəliyi yaranmır.”
Bundan əlavə onu da qeyd etmək istərdik ki, heç də yuxarıda göstərilən yol-nəqliyyat hadisəsi Rövşən Tağıyevin bildirdiyi kimi ilk hadisə deyildir. İlk yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişi elə həmin avtomobilə görə (“Range Rover Sport” markalı, 90 VS 096 dövlət qeydiyyat nişanlı minik avtomobili) 07.07.2013-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə 12.07.2013-cü il tarixdə 2 504,00 (iki min beş yüz dörd) manat olmuşdur.Xüsusən də bildirmək istəyirik ki, “Buta Sığorta” ASC-nin rəhbərliyi tərəfindən “Siz riskli müştərisiniz” və “guya əvvəlki rəhbər şəxsin dövründə imzalanmış müqavilənin rəhbər dəyişdikdən sonra qüvvədən düşür” ifadələrinin deyilməsi ilə bağlı iddia tam olaraq əsassızdır və böhtan xarakteri daşıyır. Müştəri yönümlü fəaliyyət göstərən Şirkətimizin bu cür müştəriyə davranması və həmin sözün deyilməsi iftiradan başqa bir şey deyildir.
Son olaraq, 15.07.2014-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişindən imtina edilməsi baş vermiş ilk haldır və həmin halın yaranmasında məsuliyyət daşayan şəxs “Buta Sığorta” ASC deyil, məhz “şikayətçi” Rövşən Tağıyevdir.
Qeyd olunanlara əsasən, “Buta Sığorta” ASC tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunduğunu diqqətinizə çatdırırıq”.