"Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsi yeni qanunvericilik aktıdır.
AZXEBER.COM xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında sözügedən sənədin müzakirəsində çıxışı zamanı dilə gətirib.
Onun sözlərinə görə, MDB ölkələrinin heç birində belə bir hüquqi sənəd yoxdur.
O deyib ki, 2008-ci ildə dünyada yaşanan və hələ də davam edən ağır maliyyə-iqtisadi böhranla əlaqədar onlarla aparıcı, inkişaf etmiş ölkə belə bir addıma gedib, bu yöndə müvafiq qanun qəbul edib:
"Ona görə biz də belə bir qanun layihəsinin hazırlanması və qəbul olunması yoluna üstünlük verdik. Ümumiyyətlə, bu, müvəqqəti qanundur. Daha doğrusu, bank sekrorunda müəyyən problemlər yaranarsa, dərhal bu qanun dövriyyəyə girəcək, bank sektorunda tam sabitlik yarandıqdan sonra isə ona ehtiyac qalmayacaq.
Onu da deyim ki, bu sənədin qəbulu ilə Azərbaycandakı bütün əmənətçilərin əmanətləri tam sığortalanacaq. Bu, çox ciddi, radikal addımdır, həm də dövlət başçısının xalqın maraqlarının təmin olunması baxımından atdığı bir addımdır.
Bununla Azərbaycandakı 6 milyon 600 min nəfər əmanətçinin hər birinin əmanəti tam sığortalanacaq".
İqtisadiyyat naziri Şahin Mustafayev isə bildirb ki, bu sənəd Azərbaycan insanın, Azərbaycan əmanətçilərinin hüquqlarının qorumasını nəzərdə tutan bir sənəddir:
"Bu, belə də qiymətləndirilməlidir. Bu, irəliyə doğru atılmış çox mühüm addımdır".