Böyük Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord fevralın 26-da Xarici İşlər Nazirliyinə çağırılıb.
AZXEBER.COM xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu barədə "Rustavi 2" telekanalına müsahibəsində məlumat verib.
O bildirib ki, görüş zamanı Britaniya tərəfdən gürcü televiziya kanallarına qarşı tətbiq olunan sanksiyaların səbəbi ilə bağlı rəsmi izahat tələb olunacaq.
Onun sözlərinə görə, sanksiyaların tətbiqi üçün möhkəm hüquqi əsaslar olmalıdır.
Boçorişvili qeyd edib ki, Gürcüstan tərəfi məsələ ilə bağlı Böyük Britaniya ilə əvvəlcədən əlaqə saxlayıb və səfirin nazirliyə gələrək izahat verməsi gözlənilir.
Xatırladaq ki, fevralın 24-də Böyük Britaniya "İmedi” və POSTV telekanallarına sanksiyalar tətbiq edib. Böyük Britaniya hökumətinin açıqlamasına görə, hər iki telekanal Rusiya dezinformasiyasının yayılmasında iştirak edən qurumlar kimi qiymətləndirilib.
Sanksiyalara aktivlərin dondurulması, aktivlərin idarə olunması üzrə maliyyə xidmətlərinin qadağan edilməsi və direktorların diskvalifikasiyası daxildir.
Sanksiya sənədində qeyd olunur ki, "İmedi” və POSTV telekanalları Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi barədə əsasən Gürcüstandakı auditoriyaya yönəlmiş yanlış məlumatlar yayır.










































