Böyükağa Hacıyev: ''Neftçi”'1 xal qazanmadı, 2 xal itirdi'

İDMAN
10:15 21.09.2012
1575
"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Partizan”la keçirilən oyun barədə fikirlərini açıqlayıb. Apasport.az saytının Belqrada ezam olunan əməkdaşının xəbərinə görə, “ağ-qaralar”ın çalışdırıcısı qolsuz bərabərliklə yekunlaşan matçın nəticəsindən razı qalmadığını söyləyib. “Bu gün “Neftçi” 1 xal qazanmadı, 2 xal itirdi. Komandamız qrup mərhələsində debütantdır, futbolçular bir az gec ayıldılar. “Partizan” təsəvvür elədiyimdən də zəifdir. Çox təəssüf ki, qədim tarixi olan "Partizan" indi bu gündədir. Düzdür, bu gün 3 xal qazana bilmədik. Amma sizə söz verirəm ki, “Partizan”la Bakıdakı qarşılaşmada qələbə qazanacağıq”, - deyə Hacıyev bildirib. Hacıyev deyib ki, qazanılan 1 xalı ARDNŞ prezidenti Rövnəq Abdullayev və ümumiyyətlə, bütün neftçilərə ərməğan edir: “Bildiyiniz kimi, 20 sentyabr Azərbaycanda Neftçilər gündür. Biz də neftçiləri təmsil edirik. Bu 1 xalı şəxsən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və bütün neftçilərə ərməğan edirəm. Açığı, oyundan sonra yaşananları təsəvvür etmirdim. Ölkəmizdə yetərincə serbiyalı futbolçu oynayır. Soruşun, görün, biz onları necə qonaqpərvərliklə qarşılayırıq”. Hacıyev serbiyalı jurnalistin: “Sizi niyə alqışladılar?” sualına belə cavab verib: “İndi mən neyləyim ki, sizdə məşqçini istefaya çağırırlar, bizi də alqışlayırlar?” Hacıyevə ünvanlanan növbəti sual isə belə olub: “Sizə haradan məlumat veriblər ki, Serbiyada azərbaycanlıları sevmirlər? Çalışdırıcı isə fakt göstərib: “Oyundan sonra yaşananlar bunun əyani göstəricisidir”.

OXŞAR XƏBƏRLƏR