Ağdam rayonunun Gülablı kəndi ərazisində ötən gün başlayan yanğın Xocavənd rayonunun Mirikənd kəndinə keçib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdam, Ağcabədi, Yevlax və Xankəndi rayonlarından 130 nəfərlik şəxsi heyət səfərbər olunub. Eyni zamanda, yanğının söndürülməsinə 2 helikopter də cəlb edilib.
İlkin mərhələdə hadisə yerinə 80 nəfərlik şəxsi heyət göndərilib. Lakin küləkli hava şəraiti yanğının söndürülməsini çətinləşdirdiyindən, əlavə olaraq 50 nəfərlik qüvvə də əraziyə yönəldilib.
Bundan başqa, Ağdərə rayonunun Həsənriz kəndində də günorta saatlarında yanğın baş verib. Həmin əraziyə də FHN-in yanğınsöndürmə briqadaları cəlb olunub.
Məlumata görə, meşəlik əraziyə keçən aktiv yanğın ocaqları artıq məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.