Milli Məclisin deputatı Musa Quliyev pensiya yaşının azaldılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.
AZXEBER.COM xəbər verir ki, o, Bizim.Media-ya açıqlamasında bu məsələnin hazırda reallığı əks etdirmədiyini bildirib.
"Bütövlükdə pensiya yaşının aşağı salınması məsələsi gözlənilmir. Dünyada da elə bir ölkə yoxdur ki, pensiya yaşının aşağı salınması ilə bağlı ciddi müzakirələr getsin. Çünki insanların orta ömrü uzanıb. Hazırda 65 və daha yuxarı yaş həddi əmək qabiliyyətli sayılır”, - deyə deputat qeyd edib.
Musa Quliyev bildirib ki, bəzi vətəndaş kateqoriyaları üçün isə güzəştli pensiya hüququ nəzərdə tutulur:
"Amma ayrı-ayrı kateqoriyaya aid olan vətəndaşlar var ki, onlar daha güzəştli yaş şərti ilə pensiyaya çıxa bilirlər. Məsələn, beş və daha çox uşağı olan analar, əlil uşağı 18 yaşına qədər böyütmüş analar, ağır və təhlükəli şəraitdə çalışan şəxslər bu siyahıya daxildir. Ümumilikdə təxminən 200 minə yaxın vətəndaş güzəştli pensiya hüququndan yararlanır”, - deyə o, bildirib.
Deputat əlavə edib ki, gələcəkdə üç və ya dörd uşağı olan qadınların da daha tez pensiyaya çıxmaq imkanları müzakirə edilə bilər:
"Ola bilər ki, gələcəkdə 3 və 4 uşağı olan ailələrə də bu hüquq tanınsın. Bu, sosial siyasət kontekstində nəzərdən keçirilə bilər”.
Qadınlar və kişilərin eyni yaşda pensiyaya çıxmaları məsələsinə də toxunan Musa Quliyev bu prosesin gender bərabərliyinə əsaslandığını bildirib:
"Qadınlarla kişilərin bərabər yaşda pensiyaya çıxmaq hüququ gender bərabərliyinə əsasən tənzimlənir”.
Sonda deputat bir daha vurğulayıb ki, yaxın gələcəkdə pensiya yaşının azaldılması nəzərdə tutulmur.