"Cavab oyunu daha çətin olacaq" - Sənan Qurbanov

"Cavab oyunu daha çətin olacaq" - Sənan Qurbanov
İDMAN
22:36 23.04.2019
8185
"Zirə" ilə çempionatın ağır ev oyunundan sonra futbolçular bərpa dövrü keçdilər. Kubokda "Qarabağ" kimi güclü rəqibə qarşı oynayacağımızı bilirdik".

AZXEBER.COM-un "Qəbələ"nin rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu sözləri əyalət təmsilçisinin baş məşqçisi Sənan Qurbanov ölkə kubokunun yarımfinal mərhələsinin "Qarabağ"la oyunundan sonra keçirilən mətbuat konfransında deyib. 1:0 hesablı qələbəni şərh edən mütəxəssis bunları söyləyib:

"Komanda həm hücumda, həm müdafiədə tapşırıqları yerinə yetirdi. "Qarabağ"la görüşdə taktiki səhv edirsənsə, rəqib yerində cəzalandırır. Son oyunları təhlil etmişdik. Çempionatda keçirdiyimiz görüşlərdə məğlub olmuşduq. Buna balaca konsentrasiya itkisi səbəb olmuşdu. Futbolçular məsuliyyəti dərk etdilər. Bu, sadəcə olaraq ilk oyun idi. İkinci görüşdə daha güclü "Qarabağ"a qarşı oynamalı olacağıq. Ona görə də mərhələ adlamaq üçün bugünkündən daha yüksək səviyyədə oynamalıyıq".

S. Qurbanov mayın 1-də olacaq cavab oyununun daha çətin keçəcəyini vurğulayıb: "Çempionatın bütün matçlarında "Qarabağ"a uduzmağımız futbolçulara pis təsir etmişdi. Amma istər-istəməz oyunçularda uduzmamaq iradəsi yaranır. Həmin görüşləri təhlil etdik və çalışdıq ki, eyni səhvləri təkrarlamayaq. Futbolçular taktiki olaraq düzgün oynadılar. Bu, hələ başlanğıcdır. İkinci qarşılaşmada daha çətin olacağını bilirik. Cavid Hüseynov komandanın kapitanı, lideridir. Sıx qrafiklə oynadığımızdan və geniş heyətimiz olmadığından çalışırıq ki, həm futbolçularımızı qoruyaq, həm də onlardan istədiyimizi maksimal dərəcədə alaq".
OXŞAR XƏBƏRLƏR