"Qarabağ" kəlməsi biz azərbaycanlıların qürur və həssas nöqtəsidir.
Bəs bu sözün bu qədər müqəddəsləşməsinin səbəbi nədir?
Başlayaq idmanda gördüyümüz "Qarabağ" klubu ifadəsindən...
Komandanın yaradılışı 1950-ci illərin əvvəllərinə təsadüf edir. Yarandığı gündən etibarən "Məhsul", "Şəfəq" və "Kooperator" adları ilə çıxış edib.
1990-cı illərdə Azərbaycanın keşməkeşli tarixində də varlığını qoruyub saxlayan klub 1993-cü ildə erməni vandallarının Ağdamı işğal etməsindən sonra buradakı stadionundan, ab-havasından uzaq qalmışdı.
Lakin mübarizə əzmini itirməyən komanda 30 ilə yaxın müxtəlif yarışlarda iştirak etdi, Azərbaycan Premyer Liqasının dəfələrlə qalibi oldu və arada məğlubiyyətin dadını çıxartsa da, əsla təslim olmadı. Çünki 30 ilə yaxın ədalətlə coşub daşdı, səbr nümayiş etdirdi, əzmkar ruhunu bütün dünyaya göstərdi.
Və nəhayət, 2008-ci ildən kluba Qurban Qurbanov rəhbərlik etməyə başladı. Əvvəlcə bu gənc, istedadlı şəxadən gözləntilər çox deyildi, lakin qısa müddət ərzində klubda sanki bir oyanış, dirçəliş baş verdi.
Bununla da klub yeni rekordlara imza atacaq əsrin başlanğıcına qədəm qoydu. 2010-cu ildən komanda UEFA kimi tanınmış futbol arenasında təsnifat mərhələlərinə qatıldı.
Ən əsas rekord isə klubun 2017-18-ci illərdə Çempionlar Liqasındakı göstərdiyi nəticə oldu.
Pley-off mərhələsi çərçivəsində Danimarka nəhəngi "Kopenhagen"i məğlub edən "Qarabağ" tarixdə ilk dəfə bu yarışda Çempionlar Liqasının qrupuna vəsiqə qazanan Azərbaycan klubu oldu. Daha sonra isə dəfələrlə İspaniya çempionu olmuş "Atletiko Madrid" klubu ilə 2 oyunda heç-heçə edərək onun növbəti mərhələyə keçməsinə əngəl yaratdı.
Bütün bunlara nəzərən "Qarabağ" klubu hələ də Avroliqalarda çıxışına davam edir. Bu gün Avropa Liqasında təmsil olunan komandamız Bakıda "Heken" klubunu 2-1 hesabı ilə məğlub edərək 1/16 mərhələyə keçid etdi. Bu da əzmli, cəsarətli komandamızın daha bir önəmli uğuru oldu...
İdman sferasında "Qarabağ"ın klub olaraq peşəkarcasına addımları bizi ruhlandırdığı kimi cənab Prezident İlham Əliyevin də öz dəsti-xətti ilə cəbhə meydanında təkcə Ermənistanla deyil, digər məlum düşmənlərlə mübarizəsi eyni istəkləri bizə yaşadıb.
20 ildir deyilən sözlərin ard-ardıyla yerinə yetirilməsi, Azərbaycan vətəndaşının, dövlətinin dərindən düşünülməsi, itirilmiş "Qarabağ" torpaqlarının düşməndən azad edilməsi və s. kimi mühüm işləri zamanında icra edilməsi İlham Əliyevin əsl prezident olduğunu bir daha sübut etmiş olub.
Xalq mahnısında deyildiyi kimi:
"Anadır arzulara, hər zaman Qarabağ!
Danışan dil-dodağım, tar-kaman Qarabağ,
Qarabağ, can Qarabağ!
Ana Yurdum!
Bəli, həqiqətən 30 ildir canlı şəkildə fəryad edən, danışan dilimiz-dodağımız, Ana Yurdumuz Qarabağımız artıq tam azad və müstəqildir.
Azərbaycan dövləti isə Ali Baş Komandanı sayəsində suveren və bütövdür.
Mikayıl Mirzəzadə