Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 3 il ötür

Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 3 il ötür
SİYASƏT
10:10 04.10.2023
495
Bu gün 44 günlük Vətən müharibəsində cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əks-həmlə əməliyyatı zamanı Cəbrayılın düşmən tapdağından azad olunmasından üç il ötür. Rayon 1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilib. Erməni vandalları işğal etdikləri bütün digər ərazilərdə olduğu kimi, Cəbrayıl şəhərini, eləcə də rayonun kəndlərini dağıdıb, mədəni, tarixi, dini abidələrimizi, qəbiristanlıqları viran qoyub, ekoloji terror törədib və bir çox misli görünməmiş talançılıq və vandalizm aktları həyata keçiriblər.

İşğal zamanı və işğaldan sonra ermənilər Dağtumas kəndinin yaxınlığında yerləşən "Divlər Sarayı” mağarası, Qalacıq kəndin¬dəki "Məscid Təpəsi”, "Canqulu” və "Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mər¬mər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki "Başıkəsik Gümbəz”, Sirik kən¬din¬dəki "Qala”, Diri dağındakı "Qız qalası”, Xuda¬fərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı”, Şıxlar kəndindəki "Dairəvi Türbə”, Xubyarlı kəndindəki "Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edil¬miş və ya dağıntıya məruz qalmışdı.

Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən cəmi üç ay sonra, 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyinin düşməndən təmizlənməsi nəticəsində Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçib.

2020-ci ilin oktyabrın 4-də Vətən müharibəsinin gedişatında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.

Həmçinin cənab Prezident İlham Əliyev 2021-ci ilin oktyabrın 4-də - bu ərazilərin işğaldan azad edilməsinin birinci ildönümündə Cəbrayıl rayonunda səfərdə olub. Dövlət başçısı Cəbrayılda "KAMaz” ASC ilə "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub. Eyni zamanda Prezident 110/35/10 kV-luq "Cəbrayıl” yarımstansiyasının və Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub, Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısımız Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.

2022-ci il mayın 26-da cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Dövlət başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və "Azərenerji” ASC-nin 330/110 kV-luq "Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər.
Möhtərəm Prezident cənab İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən minlərlə hərbi qulluqçu "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
Həmçinin dövlət başçımızın 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Bu sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. 


Naftalan şəhər sakini Tamara Həsənova

OXŞAR XƏBƏRLƏR