Cəlilabad rayonunda fərdi təsərrüfatda saxlanılan iribuynuzlu heyvanın quduzluğa yoluxduğu bildirilib.
AZXEBER.COM "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, inəklərdən biri insanlara hücum etməyə cəhd edib.
Hadisə Uzuntəpə kənd sakini Mircəlal Hüseynovun təsərrüfatında qeydə alınıb. Heyvanın sahibi dərhal baytara müraciət edib, baytar həkim isə şübhəli təsərrüfatı nəzarətə götürüb. Xəstə heyvan digərlərindən ayrılıb və bir müddət sonra ölüb.
Bu müddət ərzində heyvanla təmasda olan ailə üzvləri Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək quduzluq əleyhinə vaksin vurdurublar.
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, regional bölmənin əməkdaşları hadisə yerinə baxış keçirib və müvafiq müayinələr aparılıb. Analiz nəticələrinə əsasən, hadisənin dəqiq səbəbləri müəyyən olunacaq. Hazırda müvafiq qurumlarla birgə araşdırmalar davam edir.
Qeyd olunur ki, iribuynuzlu heyvanın quduzluğa necə yoluxması hələ dəqiq məlum deyil. Ehtimal olunur ki, yoluxma örüş zamanı baş verib.
Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik: