“Mən bir müddətdir ki, Milli Şura ətrafında gedən müzakirələrdən uzaq qalmışam. Ancaq izlədiyim qədərilə deyə bilərəm ki, yaşanan proseslərlə bağlı nikbin deyiləm”.Bu sözləri AzNews.az-a açıqlamasında Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı deyib. A.Hacılı deyib ki, o, özünü Azərbaycan xalqının gələcək taleyi üçün məsuliyyət daşıyan adamlardan biri hesab edir: “Mən Rəsulzadə-Elçibəy ideyalarını seçmiş, xalqın gələcəyi üçün məsuliyyət daşıyan adamam. Buna görə də hansısa qurumda kimlərlə birlikdə təmsil olunmaq mənim üçün əhəmiyyətlidir. Bunun məsuliyyətini daşıyıram”.
Editor.az məsələyə Milli Şura ideyasının müəlliflərindən biri, “Ziyalılar Forumu”nun həmtəsisçisi Cəmil Həsənlidən münasibət öyrənib.
Portalımıza açıqlamasında professor Cəmil Həsənli Milli Şura ilə bağlı səslənən iddialarla razıəlaşmadığını söyləyib: “Milli Şura müxalifətin son illər ərzində reallaşdırdığı ən ciddi birliklərdən biridir. Mən bu birliyə və onun gələcəyinə nikbin yanaşıram. O ki qaldı Arif Hacılıya, mən onun açıqlamasına şərh vermək istəmirəm. Təəssüf ki, həm iqtidar, həm də müxalifət daxilində Milli Şuranı ləkələmək, onu Rusiya ilə əlaqələndirmək istəyən qüvvələr var ki, onlar siyasi sifariş icra edirlər”.