Cəmiyyətimizin “incə” yeri şəxsiyyət qıtlığıdır - KÖŞƏ

Cəmiyyətimizin “incə” yeri şəxsiyyət qıtlığıdır - KÖŞƏ
KÖŞƏ
10:59 03.10.2011
1910

Rafiq Əliyev,professor

Əxlaq çoxatributlu anlayiş olub cəmiyyətdə insanın davranışını normativ tənzimləyən əsas üsullardan biri kimi mənəvi baxışları və hissləri, həyat motivasiyaları, istiqamətləri və prinsiplərini əhatə edərək xeyir və şər, vicdanlılıq və vicdansızlıq, şərəf və şərəfsizlik, ədalət və haqsızlıq, normal və qeyri-normallıq, mərhəmət və qəddarlıq və s. arasındakı qeyri-səlis sərhədləri göstərir.

Əxlaq sosial kapital olaraq cəmiyyətin həyat təhlükəsizliyi dərəcəsini müəyyən edir, onun konfliktsizliyinə xidmət edir. İctimai əxlaq müəyyən cəmiyyət tərəfindən qəbul edilmiş əxlaqdır, bir qayda olaraq mədəniyyət və tarixi bir dövr üçün mövcuddur.

Əxlaqın formalaşma faktorlarından biri insanın ictimaiyyətçiliyidir, onun başqalarının halına acıması və altruistik istək qabiliyyətidir. Mənəviyyat ictimai və şəxsi səviyyədə özünü göstərir.İndivid əxlaq normalarını sosiallaşma prosesində əldə edir. Humanizmə, xeyirxahlığa, şərəfə, ədalətə, alicənablığa yönəldilmiş proseslərdə mənimsəyir.Bəs bizim cəmiyyətimizdə vəziyyət necədir?Bu gün cəmiyyətimizin “incə” yeri şəxsiyyət qıtlığıdır. Şəxsiyyət dedikdə, mən içərisində xofu dəfn etmiş, milli maraqları, ümumxalq maraqlarını şəxsi marağından üstün tutmağı bacaran, muzdlu yaradıcılıqdan uzaq olan, ölkəsinin, dövlətinin, xalqının gələcəyini düşünən insanları nəzərdə tuturam. Bir neçə ziyalılarımızı və şəxsiyyətini qoruyub saxlayan insanlarımızı istisna etməklə, hanı Mirzə Cəlillər, Sabirlər, Zərdabilər, Üzeyir bəylər, İsmayıl Şıxlılar, Bəxtiyar Vahabzadələr, Ziya Bünyatovlar?Hüquqda “mənəvi zərər” anlayışı vardır, lakin mənəviyyat yüksək ideyalar sahəsidir, vicdan işidir, bu da tarixi-hüquqi islahatlar üçün meyardır. Totalitar rejimlərin təcrübəsi göstərir ki, bəzən mənəviyyat hüquqla ziddiyyətdə olur. Həm mənəvi, həm də hüquqi normalar ictimaidirlər. Onlar üçün ümumi odur ki,individin hərəkətlərinin qiymətləndirilməsi və tənzimlənməsi üçündür. Hüquq dövlət tərəfindən formalaşır, əxlaq - cəmiyyət tərəfindən. Hüquq normalarının pozulması dövlət sanksiyalarının yerinə yetirilməsini tələb edir, əxlaq normalarının pozulması isə ictimai qınağa və tənqidə məruz qalır. Müasir cəmiyyətin vacib mənəvi imperativi hüquqa və qanunlara hörmətdir, belə ki, qanun yalnız insanların azadlığını, təhlükəsizliyini qoruya bilər və bərabərliyini təmin edə bilər. Cəmiyyətimizdə bu gün telefon hüququnun dominantlığı, qanunlara hörmətsizlik, nəfsin qanun və əxlaqdan üstünlüyü bu təhlükəsizliyin və bərabərliyin addımbaaddım pozulmasına gətirir.Mənəviyyat və əxlaq anlayışları müxtəlif çalarlara malikdir. Əxlaq, bir qayda olaraq, kənar qiymətləndirici bir subyektin (başqa adamların, cəmiyyətin, məscidin və s.) olmasını nəzərdə tutur. Mənəviyyat isə əsasən insanın daxili aləminə və onun özünün etiqadına yönəlib. Düşünürəm ki, bu gün cəmiyyətimizdə mənəviyyat əxlaqdan daha sürətlə aşılanıb.Ailə insan cəmiyyətinin əxlaq və mənəviyyatının əsasını təşkil edən özəkdir.Buna görə də, əxlaq və mənəviyyatı cəmiyyətdə müəyyən səviyyədə mühafizə etmək üçün ailə prinsiplərinin və dəyərlərinin mənəvi əsasını toxunulmaz olaraq qorumaq vacibdir. Əks halda, ailənin tənəzzülü qaçılmazdır, həmçinin ailə ilə birlikdə bütün cəmiyyət tənəzzülü qaçılmazdır. Insanlarımızın böyük bir kəsimində fərdlərin daxili senzor mexanizmi çalışmır. Tamah, şəhvət, ucuz şöhrət hissi çoxdan bu senzorun qoyduğu məhdudiyyət həddini aşıb.Dinlər yaranmış tarixi kanfessional formalarda o dinlərə inanan, onlara etiqad edən xalqların mənəviyyat prinsiplərinə çox mühüm və əhatəli təsirlər göstərib. Mənim üçün Qurani-Kərim ən böyük mənəviyyat sistemidir. Başqa bir məsələdir ki, bu gün nə qədər insanlarımız dinin diqtə etdiyi klassik əxlaqi imperativlərə əməl edir. Bu gün də Nizamini, Füzulini, onların yaratdıqları əvəzsiz inciləri əxlaqi dəyərlərimizin daşıyıcısı kimi qəbul ediriksə, onu bilməliyik ki, bu incilərin su içdiyi mənbə Qurani-Kərimdir. Əxlaqi-Nasirin çox məqamları müqəddəs kitabımızdan ehtiva edilməyibmi?Əxlaq və siyasət prinsipcə müxtəlif sahələrdir. Əxlaqda kompromisə yol vermək olmaz. Siyasət sahəsinin, xüsusən də demokratik siyasət sahəsinin vacib xarakteristikası maraqların əlaqələndirilməsi, kompromislərin axtarışıdır. Bu aksiomdur ki, siyasət və əxlaq bir aradadırlar. Əksinə, əxlaqa əsaslanmayan siyasət yolverilməzdir. Siyasətçi norma, qanun və əxlaqla rəhbərlik etməyə borcludur. Xüsusən müasir şəraitdə siyasətdə əxlaq meyarlarının rolu xeyli artır, ona görə də bir çox siyasi qərarların “qiyməti” dəfələrlə artır, siyasət və siyasətçilərə ictimai rəyin təsirinin qiyməti artır.Əxlaqsız siyasət, siyasətçini məqsədə çatdıran və hərəkətini istiqamətləndirən kompasdan, eləcə də məsuliyyətdən məhrum edir. Əxlaqsız siyasətin məqsədi həmişə və hər yerdə varlanma və ya diktat məqsədi güdən hakimiyyət xatirinə hakimiyyət olur, əxlaqi siyasətin məqsədi demokratiyanın təntənəsi , milli konfliktlərin aradan qaldırılması, iqtisadi inkişafın təminatı, ölkənin əhalisinin rifahının yaxşılaşdırılması və tərəqqisi olur.(Məqalə Ziyalılar Forumunun “Əxlaq və cəmiyyət” mövzusunda keçirilmiş dəyirmi masada professor Rafiq Əliyevin çıxışı əsasında hazırlanıb).
OXŞAR XƏBƏRLƏR