"Cənab Prezident İlham Əliyev informasiya cəbhəsində yeni bir ənənənin əsasını qoydu" - ŞƏRH

"Cənab Prezident İlham Əliyev informasiya cəbhəsində yeni bir ənənənin əsasını qoydu" - ŞƏRH
SİYASƏT
17:57 06.11.2022
388
"İlham Əliyevin hər gün ictimaiyyətə açıqlamalar verməsi, tviterdə statuslar paylaşması, Azərbaycan dövlət televiziyası ilə ictimaiyyətə müraciət etməsi informasiya müharibəsində çox fərqli bir yanaşmanı ortaya qoydu".

Bu fikirləri AZXEBER.COM-a Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində informasiya müharibəsindəki rolu haqda danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycan prezidenti bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı olduğunu qorxmadan, çəkinmədən bildirirdi:

"Heç kəsə sirr deyil ki, hazırkı dövrdə informasiya məkanında çox böyük mübarizə gedir və faktiki olaraq real müharibə, savaş, eyni zamanda informasiya məkanında da davam etdirilir. Azərbaycan uzun illər başımıza gətirilən müsibətləri ilə bizə qarşı törədilmiş soyqırımların, torpaqlarımızın işğal olunması ilə bağlı həqiqətlərin dünyaya çatdırılması ilə bağlı təxirəsalınmaz işlər həyata keçirdirdi və cənab Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini öz həmkarlarına, diplomatlara, beynəlxaq təşkilatların rəhbərlərinə, əməkdaşlarına, jurnalistlərə, bir sözlə, bütün bu sahə üzrə maraqlı ola biləcək şəxslərə çatdırırdı. 

Ancaq təəssüflər olsun ki, uzun illər ərzində Azərbaycanın apardığı bu təbliğat işləri nəticəsində beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti Azərbaycan həqiqətlərinə birbaşa dəstəklərini nümayiş etdirmirdilər. Onlar ikili standartdan çıxış edirdilər, Ermənistana qarşı hansısa təzyiq tətbiq etmirdilər. Buna baxmayaraq, Azərbaycan həqiqətləri dünyaya çatdırmaqda davam edirdi və Azərbaycan prezidenti də bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı olduğunu, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, Ermənistanın terrorçu dövlət olduğunu, Ermənistanın birbaşa şəkildə faşist siyasət həyata keçirdiyini qorxmadan, çəkinmədən səsləndirirdi”.

Naqif Həmzəyev həmçinin Prezidentin 44 günlük Vətən Müharibəsində verdiyi müsahiblərdən də danışıb:

"44 günlük Vətən Müharibəsi bütün prosesləri dəyişdi. Azərbaycan öz gücü hesabına BMT-nin 4 qətnaməsini yerinə yetirdi. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və 44 günlük Vətən Müharibəsinin gedişində də yalnız döyüş meydanında qələbə çalmadı. Azərbaycan informasiya müharibəsində də qalib oldu. Məhz 44 günlük Vətən Müharibəsinin gedişində cənab prezident İlham Əliyevin beynəlxalq informasiya agentliklərinə, televiziyalara, qəzetlərə, jurnallara verdiyi 30-dan çox müsahibə onu deməyə imkan verir ki, bu müsahibələr məhz bu informasiya blokadasının yarılması və Azərbaycan zəfərinin olduğu kimi çatdırılmasında çox böyük rol oynadı. 

Eyni zamanda biz həmin müsahibələrə diqqətlə nəzər yetirsək, görərik ki, jurnalistlərin böyük bir qismi təxribat xarakterli suallarla, ittihamlarla çıxış edirdilər. Ancaq cənab prezident məhz onların öz dillərində yerində, tutarlı arqumentlər səsləndirməklə onların bu təxribatlarının qarşısını ala bilirdi. Cənab prezidentin səsləndirdiyi fikirlər, verdiyi müsahibələr daha sonda tezislərə çevrilir və biz də - Azərbaycan gəncləri bu tezislərdən istifadə edərək informasiya müharibəsini davam etdirirdik. 

Bir sözlə, cənab prezident İlham Əliyev yeni bir ənənənin əsasını qoydu. Bu müsahibələrdə yanaşı, prezidentin hər gün ictimaiyyətə açıqlamalar verməsi, tviterdə statusları paylaşması, Azərbaycan dövlət televiziyası ilə ictimaiyyətə müraciət etməsi də, informasiya müharibəsində çox fərqli bir yanaşmanı ortaya qoydu və bu yanaşma bu gün də ən yüksək formada davam etdirilir".

Millət vəkili sonda əlavə edib ki, informasiya müharibəsindəki ən önəmli məqamlardan biri cənab prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın birlikdə işğaldan azad olunmuş torpaqlara səfərlər etmələri və ermənilərin həmin ərazilərdə törətdikləri vandal siyasəti dünya ictimaiyyətinə göstərmələri olub:

"Müharibə başa çatdıqdan sonra, Azərbaycan zəfərini rəsmiləşdirdikdən sonra, Ermənistan kapitulyasiya aktını imzaladıqdan sonra da cənab prezident bu sahədə işlərini davam etdirdi, məhz müharibə bitəndən bir neçə gün sonra da cənab prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın birlikdə işğaldan azad olunmuş torpaqlara səfərlər etmələri və Ermənilərin həmin ərazilərdə törətdikləri vandal siyasəti dünya ictimaiyyətinə göstərmələri həmin qaynar nöqtələrdən xalqa, dünya ictimaiyyətinə müraciətlər etmələri də informasiya müharibəsindəki ən önəmli məqamlardan biri kimi qeyd edilməlidir”.
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR