Cennifer Lopez, Rihanna və Beyonsu Bakıya kim gətirib?
DÜNYA
11:37 12.06.2012
5934
Bir neçə gündür ki, mətbuat dünya şöhrətli müğənnilər Cennifer Lopez və Rihannanın Bakıya gəlməsi ilə bağlı məlumat yayıb. Hər iki müğənninin paytaxtda keçiriləcək toyda iştirak edəcəyi də həmin xəbərlərdə öz əksini tapmışdı. Ötən şənbə gecəsi Bakıya gecə saatlarında təyyarə ilə enən müğənnilərin kimin dəvəti ilə gəlməsi isə sual altında idi. Məşhur müğənnilərin iştirak etdiyi toydakı qonaqlardan biri “Yeni Müsavat”a açıqlamasında bu barədə detallı bilgilərini bölüşdü. Mənbəmiz öncə onu bildirdi ki, toyda Cennifer Lopez və Rihanna ilə yanaşı, Beyons də iştirak edib. Hər üç müğənninin toyda iştirakına toplam olaraq 6 milyon dollar vəsait xərclənib. Toyun sahibi isə Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan, böyük iş adamı “Tülpan İlham” ləqəbli şəxsdir. Təəssüf ki, onun soyadını dəqiqləşdirə bilmədik. Amma onun uzun illər Rusiyaya Avropadan və başqa ölkələrdən güllər gətirməsi və uzun müddət bu bizneslə məşğul olması barədə məlumatlar var. “Tülpan İlham” hazırda tikinti biznesi ilə məşğuldur. Şənbə günü baş tutan toy isə məşhur iş adamının oğlunun xeyir işi olub. “Buta Palace”də keçirilən məclisdə Azərbaycan və Rusiyanın məşhur iş adamları da qatılıb. Toy barədə redaksiyamıza məlumat verən mənbə onu da dedi ki, “Tülpan İlham” Sankt-Peterburqdakı konsulumuz Qüdsi Osmanovla konfliktdədir. Eyni zamanda onunla konfliktdə olan və daim Q. Osmanov barəsində qara piar kampaniyası aparan Gürcüstanlı iş adamı Məmişov Vaqiflə də dostdur. Rusiya miqyasında nəhəng iş adamlarından sayılan V. Məmişov eyni zamanda tanınmış diaspora nümayəndələrindən biridir. Toyda sonuncu da aktiv iştirak edib. Dünya şöhrətli üç müğənninin Bakıya gəlməsi xəbərini bir neçə mənbədən dəqiqləşdirmək istədik. Öncə “Buta Palace” ilə əlaqə saxlayıb toyun təfərrüatlarını öyrənməyə çalışdıq. Oradan bildirildi ki, “Buta Palace”də baş tutan məclislər qapalı olur və kompleks rəhbərliyinin bu barədə mətbuata açıqlama vermək səlahiyyəti yoxdur. Amma bununla belə üç müğənninin ötən həftə buradakı məclisdə iştirakı xəbəri inkar edilmədi. Müxbirimizə sualları yazılı şəkildə kompleksin elektron ünvanına göndərmək tövsiyə olundu. Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlidən ötən həftə Bakıya enən özəl təyyarələr və onların içərisində bu üç müğənninin sərnişin kimi olub-olmaması ilə bağlı soruşduq. M. Səfərli öncə suala sualla cavab verdi ki, «nəyin əsasında sizə Bakıya enən özəl təyyarələrlə bağlı «otçot» verməliyik». Ardınca isə dedi ki, AZAL müğənni yox sərnişin daşıyır: «Digər tərəfdən bilmirəm gələn sərnişinlər arasında müğənni varmı». Mədəniyyət və Turizm nazirliyində də dünya şöhrətli müğənnilərin Bakıya gəlişi barədə məlumat tapılmadı. Nazirlikdən bildirildi ki, onlar rəsmi dəvət əsasında ölkəyə gələn, konsert verən xarici müğənnilərlə bağlı məlumatlı olur. Xatırladaq ki, son illər Azərbaycanda keçirilən toy məclislərinə xaricdən müğənnilərin dəvət olunması ənənəsi yaranıb. Əvvəllər əsasən Türkiyə və Rusiya estradasının nümayəndələri Bakı toylarına dəvət olunardı. Son olay deməyə əsas verir ki, artıq Azərbaycan toylarında iştirak etmək üçün Amerikadan müğənnilər dəvət edilir. Özü də dünyanın Ən məşhur qadın müğənniləri…