2011 -ci ildə Avropa İttifaqı və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzaladıqdan sonra TANAP və TAP layihələri ilə bağlı Hökumətlərarası Sazişlər uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı. 27 iyun 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzaladı və 20 sentyabr 2014-cü ildə "Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu. 2020-ci ilin noyabr ayında Trans-Adriatik Boru Kəməri (TAP) kommersiya fəaliyyətinə başlamağa hazır vəziyyətə gətirildi və 2020-ci ilin dekabrın 31-də Azərbaycan kommersiya qazının TAP vasitəsilə Avropaya tədarük edilməsinə başlanıldı. Artıq 2021-ci ilin sonlarından etibarən Azərbaycan qazı Avropaya çatdırılır. Bu da "Cənub qaz dəhlizi”nin sonuncu hissəsi olan TAP-ın fəaliyyətə başlaması ilə mümkünləşdi. TAP-ın istismara daxil olması "Cənub qaz dəhlizi”nin tam fəaliyyətə başlamasını təmin etdi və beləliklə, tarixdə ilk dəfə olaraq Azərbaycan qazı Avropaya birbaşa nəql etdirildi.
Bu hadisə təkcə ölkəmizdə neft-qaz sənayesinin deyil, ümumilikdə xalqımızın tarixində özünün xüsusi əhəmiyyəti ilə digər layihələrdən fərqlənir. Çünki Azərbaycan "Cənub qaz dəhlizi” layihəsinin həm təşəbbüskarı və aparıcı qüvvəsi mövqeyindən bu layihədə iştirak edir. 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat şəklində keçirilən müşavirədə Prezident İlham Əliyev bu layihəyə xüsusi önəm verərək qeyd etmişdir: "Bu, bizim tarixi nailiyyətimizdir. Çünki "Cənub qaz dəhlizi”nin təşəbbüskarı da bizik. Əsas maliyyə yükünü də biz öz üzərimizə götürmüşük. Bir çox ölkələri birləşdirən bu layihə gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoyur. Bu əməkdaşlıq formatı bu gün artıq özünü nəqliyyat sektorunda, ticarət sektorunda göstərir, ondan sonra digər sektorlarda göstərəcək”.
"Cənub qaz dəhlizi” layihəsində Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya dövlətləri iştirak edir. Hazırda üç Balkan ölkəsi-Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro layihəyə qoşulmaq niyyətindədir. Yəni "Cənub qaz dəhlizi” nin "qol” ları zaman keçdikcə şaxələnəcəkdir, cünki Avropa ölkələrində Azərbaycan qazına tələbat vardır. Bu isə Azərbaycana qaz ixracı imkanlarını getdikcə daha da genişləndirmək imkanı verir.
"Cənub qaz dəhlizi” nin təməli "Əsrin müqaviləsi” nin 20 illiyi qeyd olunan gün (20 sentyabr 2014-cü il ) Səngəçal terminalında qoyulmuşdur. Layihə geniş beynəlxalq əməkdaşlıq şəraitində gerçəkləşmiş, dörd seqmentdən ibarət bu nəhəng layihənin uğurla həyata keçirilməsi bütün iştirakçı dövlətlərin və şirkətlərin, geniş miqyaslı işlərdə əməyi olan hər bir şəxsin nailiyyətidir. Adətən belə qlobal layihələrin reallaşması çox vaxt tələb edir. Dörd seqmentin hər birinin özlüyündə çox böyük bir layihə olduğunu nəzərə alsaq, "Cənub qaz dəhlizi”nin cəmi 6 il ərzində reallaşaraq başa çatdırılması əslində bu layihənin həyata keçirilməsinin qələbəsidir. Belə ki, 2015-ci ildən başlayaraq "Cənub qaz dəhlizi” nin ildə bir dəfə toplaşan Məşvərət Şurasının bütün görüşü (altı) Bakıda keçirilmişdir. Bu da "Cənub qaz dəhlizi” layihəsində Azərbaycanın liderlik etdiyini açıq-aydın təsdiqləyir.
"Cənub qaz dəhlizi” layihəsinin ilk iki hissəsinin hazır olması 2018-ci il mayın 29-da Səngəçal terminalında onun rəsmi açılışının olmasına imkan verdi. Belə ki, "Şahdəniz-2” dən qaz hasilatına başlandı və CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi yekunlaşdı. Bundan az sonra - 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) istifadəyə verildi. 2019-cu ildə isə Yunanıstan sərhədinə qədər olan hissəsi istismara verildi. Ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdan ibarət olan "Şahdəniz” dünyanın ən nəhəng karbohidrogen yataqlarındandır. Məhz bu yatağın uğurla işlənməsi və istismarı sayəsində Azərbaycan dünyada qaz ixrac edən ölkə kimi tanınmışdır.
"Şahdəniz” yatağı "Cənub qaz dəhlizi” nin ehtiyat mənbəyidir. Hazırda burada iki hasilat platforması istismar olunur və təsadüfi deyildir ki, "Şahdəniz Alfa” və "Şahdəniz Bravo” platformalarını "Şahdəniz” yatağının qoşa qanadı da adlandırırlar. "Şahdəniz Alfa” 15 ilə yaxındır yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində fəaliyyət göstərir. "Şahdəniz Bravo” isə layihənin ikinci mərhələsi çərçivəsində 2018-ci ildə işə salınmışdır.
"Cənub qaz dəhlizi” ni yaradan üç kəmərdən birincisi 42 düymlük CQBK-dır. Ümumi uzunluğu 691 kilometr olan bu xəttin 443 kilometri Azərbaycanın, 248 kilometri Gürcüstanın ərazisindən keçir. Kəmər "Şahdəniz” yatağından hasil edilən qazı Gürcüstana çatdırmaq, eləcə də Gürcüstan-Türkiyə sərhədinə nəql etmək məqsədilə çəkilmiş və CQBK 2006-cı ildən fəaliyyət göstərir.
CQBK-nın genişləndirilməsi Azərbaycan və Gürcüstan ərazilərindən keçən yeni 48 düym diametrli boru kəmərinin, həmçinin Gürcüstanda 2 yeni kompressor stansiyasının inşasını əhatə edir. Yeni kəmərin uzunluğu təqribən 489 kilometr olmaqla Azərbaycanda 424 km., Gürcüstanda 63 km., TANAP ara bağlantısında 2 km. təşkil edir. Genişləndirilmiş CQBK-nın fəaliyyətə başlaması ilə "Cənub qaz dəhlizi” ndə mavi yanacağın nəql etdirilməsinə start verilmişdir.
2019-cu ilin dekabrın ortalarında Çinin Uhan çəhərində başlamaqla dünya ölkələrini caynağına alan COVID-19 pandemiyası, həmçinin bədnam qonşumuz Ermənistan tərəfindən Azərbaycana edilən hücumlar və 44 günlük Vətən müharibəsi "Cənub qaz dəhlizi” nin yekunlaşmasına belə maneçilik göstərə bilmədi. Beləliklə, Avropanın enerji bazarını şaxələndirəcək və onun enerji təhlükəsizliyini gücləndirəcək yeni enerji təchizatı layihəsi uğurla tamamlandı. Bu, ölkəmiz üçün də xüsusi əhəmiyyət kəsb edən bir hadisədir. Çünki Azərbaycan artıq TANAP və TAP (ümumi uzunluğu 878 km. olmaqla Yunanıstan - 550 km.; Albaniya - 215 km.; Adriatik dənizi-105 km.; İtaliya - 8 km) layihələri xətti ilə Avropa bazarı üçün təbii qaz ixracatçısıdır və regionlararası iqtisadi əməkdaşlığa, enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə öz ünəməxsus töhfəsini verir.Qeyd edək ki, TAP layihəsində iştirak edən səhmdarların faiz bölgüsü BP (Böyük Britaniya) - 20%; CQD (SGC) - 20%; Snam (İtaliya) - 20%; Fluxys (Belçika) - 19%; Enagas (İspaniya) - 16%; Axpo (İsveçrə) - 5% təşkil edir.
2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev demişdir: "Cənub qaz dəhlizi” tam istismara verilmişdir. Onun son seqmenti olan TAP istismara verildi. Azərbaycan qazı tarixdə ilk dəfə olaraq artıq Avropa məkanındadır. Biz Avrasiyanın enerji xəritəsini yenidən tərtib etdik. Biz bir-birinə bağlı olan 3500 kilometr uzunluğunda 3 qaz kəmərini inşa etdik. "Şahdəniz-2” layihəsini istismara verdik və artıq Avropa istehlakçıları Azərbaycan qazını alırlar. Bu həm onlar, həm də bizim üçün faydalıdır. Eyni zamanda digər layihələr üzrə də uğurlu işlər aparılıb. Əminəm ki, bu layihələrin işlənməsi bizə əlavə dividendlər gətirəcək - həm iqtisadi, həm siyasi”.
Beləliklə, "Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazı dünya neft-qaz təsərrüfatı sistemində yeni və ən sərfəli mənbələrdən biri hesab edilə bilər. Həmçinin, "Cənub qaz dəhlizi” Avropa ölkələrinə axıdılan qazı əhatə edən yeni enerji damarı olmaqla bu ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayan layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən hər bir ölkənin maraqlar balansı gözlənilir. Yəni layihənin iştirakçı tərəflərinin maraqları təmin edilir və bu da bütün iştirakçı dövlətlərin həm enerji təhlükəsizliyinin təmin edilməsi, həm də dövlətlərarası əlaqələrin genişləndirilməsində çox önəmli amil rolunu icra edən əsas şərtlərdən biridir.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
"İqtisadiyyat və idarəetmə” kafedrasının professor və müdiri, i.e.d. Vilayet İsmayılov