“Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” layihəsi yekunlaşır
15:15 11.06.2012
1113
Azərbaycan hökumətinin Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə birgə uğurla həyata keçirdiyi “Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” (SCİBM) layihəsi artıq ilkin mərhələsini başa çatdırmaq üzrədir. Layihənin keçən iki il müddətində müasir sərhəd idarəçiliyi tətbiqi sahəsində bir sıra uğurlara imza atılmışdır. Beləki, 2020-ci ilədək “Ölkənin İnkişaf Strategiyasını” əks etdirən sənədə Proqramın səyi nəticəsində sərhəd idarəetməsində milli təhlükəsizliyi gücləndirmək üçün ayrıca xüsusi komponent daxil edilmişdir. Daha sonra, Milli Sərhəd Təhlükəsizlik Konsepsiyasının hazırlanması işini həyata keçirərək xüsusi Dövlət Komissiyasının təsis olunması istiqamətində işlər aparılmaqdadır. Bundan başqa layihə bu sahədə qanunvericilikdə dəyişikliyi nəzərdə tutan sərhəd idarəçiliyini daha da təkmilləşdirmək məqsədi ilə ölkənin sərhəd Məcəlləsinin işlənib hazırlanmasına təşəbbüs göstərmişdir. Bütün bunlarla yanaşı layihə tərəfindən elektron-viza sisteminin tətbiqi, ikitərəfli sazişlərin təkmilləşdirilməsi bilik və potensialın inkişaf etdirilməsi, habelə tərəfdaş təşkilatların (DGK, DSX) fəaliyyətini gücləndirmək məqsədilə avadanlıqlarla təchizat işlərinə davamlı dəstək göstərmişdir. Layihənin İdarəetmə Komitəsinin əvvəlcədən təşkil etdiyi İş Planına uyğun olaraq görülmüş işlərin monitorinqi, bütövlükdə sərhəd, idarəçiliyi sahəsində görülmüş işlərin qiymətləndirilməsinə dair ölkə hesabatı hazırlanacaqdır. Bu məqsədlə layihənin tərəfdaşı İCMPD -nin (Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzi) ekspertlər qrupu Azərbaycanda səfərdədir. Iyun ayının 11-15 tarixlərində davam edəcək bu səfərdə ekspertlər qrupunun aidiyyatı Dövlət qurumlarında (XİN, DGK, DSX, DMX) habelə Avropa İttifaqı və ona üzv dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur. Bu görüşlərdə əsasən Sərhəd İdarəetməsinin Avropa modellərinin və standartlarının ölkəmizdə tətbiqinə əlavə dəstəyin verilməsi və xüsusi olaraq, Gürcüstan Respublikası ilə sərhədlər arası əməkdaşlığın gücləndirilməsinə davamlı səylərin göstərilməsi ilə bağlı məsələlər müzakirə olunacaqdır. Səfərin yekunu olaraq hazırlanacaq ölkə hesabatı sərhəd idarəçiliyinə dair beynəlxalq əməkdaşlığın inkişafına, habelə bu sahədə effektiv sərhəd idarəetmə islahatlarını nəzərdə tutan yeni birgə layihələrin işlənməsinə böyük töhfə verəcəkdir.