Brüsseldə “Avronest” Parlament Assambleyasının III plenar sessiyası öz işini yekunlaşdırıb.
İclaslarda Milli Məclisin “Avronest” Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, bu qurumun vitse-prezidenti Elxan Süleymanovun başçılığı ilə parlament nümayəndə heyəti iştirak edib. Nümayəndə heyəti tərkibində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Gülçöhrə Məmmədova, Azay Quliyev, Ceyhun Osmanlı, Azər Kərimli, Fuad Muradov, Məlahət İbrahimqızı, Rasim Musabəyov, Fərəc Quliyev, Qənirə Paşayeva və Qüdrət Həsənquliyev iştirak ediblər.
Sessiya çərçivəsində “Avronest” Parlament Assambleyasının Siyasi, İqtisadi, Enerji Təhlükəsizliyi və Sosial məsələlər daimi komitələrinin iclasları keçirilib, “Şərq Tərəfdaşlığı” ölkələrində həll edilməmiş münaqişələr”, “Regionda enerji təhlükəsizliyi”, “Sosial problemlərin həlli” və iqtisadi mövzularda hazırlanmış məruzələr dinlənilib.
Brüsseldə keçirilən “Avronest” Parlament Assambleyası zamanı Azərbaycanlı deputat Ceyhun Osmanlı bu qurumun Şərq Tərəfdaşlığı ölkələri üzrə Mədəniyyətlərarası Dialoq üzrə həmməruzəçisi seçilib.
Parlament nümayəndə heyətinin səfəri 30 may tarixində başa çatıb.