Ceyhun Osmanlı və Qənirə Paşayeva "nurçu"dur? - TƏHLİL

SİYASƏT
13:15 04.03.2014
4899
Son günlər Azərbaycan mətbuatının gündəmində "nurçuluq" məsələsidir. 
Ortada heç bir fakt olmasa da, millət vəkillərinə, dövlət məmurlarına ittihamlar hər keçən gün daha da artır. 
Əslində nə baş verir?"Xəzər" analitik mərkəzi bununla bağlı araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, "nurçuluq" məsələsinin birdən-birə ortaya atılmasının arxasında başqa məqsədlər durur. Belə ki, son həftəyə qədər aktual olan "vahabilik" və Suriyaya gedən azərbaycanlılar xəbəri bir anda gündəmdən düşür və "nurçular"ın məsələsi prioritet olur. Analitik mərkəz bunu belə əsaslandırır: 
- Birincisi, ictimai-siyasi müzakirələr “vəhhabilik” radikal dini hərəkatı mövzusundan guya ölkənin ictimai həyatında əsas yerləri tutan “nurçular” mövzusuna yönəldildi;

- İkincisi, hadisələrin ictimai-siyasi fonda bu cür inkişafı və ölkənin informasiya məkanında gündəmi zəbt etməsi “vəhhabiliyi” dəstəkləyən qüvvələrə öz təsir miqyasını göstərmək imkanı yaratdı.

Sonuncu məqamı müxalifət mətbuatı da qeyd edib. Martın 3-də “Yeni Müsavat” qəzetində dərc olunan məqalədə bildirilib ki, ölkə mediası vəhhabilər və onların himayədarları tərəfindən güclü təzyiqə məruz qalır.

Beləliklə, günün informasiya mənzərəsi dəyişdi və prioritet kimi həmçinin “Hizmət” hərəkatının lideri kimi tanınan Fətullah Gülən və onun “nurçular” təriqətinə guya daxil olan və ya guya onlarla sıx əlaqələr qurmuş bəzi deputat və məmurlar haqqında müzakirələr başlandı.

F.Gülən hərəkatından danışarkən türkiyəli ekspertlərin əksəriyyəti bu günə kimi vəziyyəti şərh etməkdən qəti şəkildə imtina edir, guya ki, sual həddindən artıq kəskindir. Lakin çoxları etiraf edir ki, Qərb onu maraqlandıran resurslar üzərində nəzarəti həyata keçirmək məqsədilə Gülən təriqətindən geniş istifadə edir. Hətta bu təriqət Amerikanın “Böyük Yaxın Şərq” layihəsində həlledici rollardan birini oynaya bilər.

F. Gülənin fikirləri adətən ABŞ-ın yürütdüyü kursla üst-üstə düşür. Onun Orta Asiya, Yaxın Şərq, Avropa və hətta Afrikada da “emissarları” fəaliyyət göstərir. Eyni zamanda, “nurçular” ABŞ-ın planlarına sipər çəkməyə cəhd göstərən dövlətin daxilində olan ziddiyyətlərdən “məharətlə” istifadə edir.

Bu gün Suriya – Səudiyyə Ərəbistanı – ABŞ (ABŞ radikal ideologiyanın yayılmasına kömək edən strateji tərəfdaşı olan Səudiyyə Ərəbistanına beynəlxalq toxunulmazlığı məhz özü verib) geosiyasi üçbucağı barədə diskusiyaların “nurçular”la bağlı mövzularla əvəzlənməsi birdən-birə bir neçə ölkə üçün sərfəli oldu. Başqa bir maraqlı məqam ondan ibarətdir ki, “nurçular”la guya əlaqəsi olduğu deyilən şəxslərin siyahısında seçkidən öncə və sonrakı dövrdə Qərbin (ABŞ) hücumlarına qarşı çıxaraq konkret mövqe nümayiş etdirən şəxslərin adları hallanır. Bu halda, məğlubiyyətlərinə görə intiqam almaq motivləri barədə düşünmək olar.

Ceyhun Osmanlı və Qənirə Paşayevaya hücumların arxasında nə durur?Bu cür sensasiya doğuran siyahının açıqlanmasından sonra deputat Ceyhun Osmanlının Azərbaycan Baş Prokurorluğuna Xədicə İsmayıl haqda audioyazı verməsi məsələsi ikinci plana keçdi. Xarici qüvvələrlə (hazırkı kontekstdə “nurçularla”) əlaqəsi olan şəxslərin sırasında Ceyhun Osmanlının adını göstərməklə və deputatın “Hizmət” hərəkatında maliyyə maraqlarının olmasını iddia edən saxta məktub yaymaqla, kimlərsə C.Osmanlını nüfuzdan salmağa can atır. Səbəb isə X.İsmayılovanın okeanın o tayındakı hamilərinə qarşı C.Osmanlı tərəfindən yönəlmiş addımlarına başqa don geyindirməkdir.

Deputata qarşı yönələn ittihamlardan biri də onun "türk məktəbinin məzunu olması ilə bağlıdır. Ceyhun Osmanlı bu ittihamlara arqumunetli cavab verdi: 

"1993-cü ildən 1999-cu ilə qədər Bakı Özəl Türk Litseyində təhsil almışam. Azərbaycanda ilk türk litseyi 1991-ci ildə Heydər Əliyevin xeyir duası və sərəncamı ilə Naxçıvanda fəaliyyətə başlayıb. Bu gün türk litseyləri dünyanın 170 ölkəsinə yayılıb. Naxçıvanda açılan bu məktəb isə Türkiyə xaricində açılan ilk məktəb idi. Bu baxımdan tarixi əhəmiyyətə malikdir. Artıq 15 ildir mən bu məktəbi bitirmişəm. Məktəblər isə fəaliyyətini davam etdirir. Əgər hələ də davam etdirirsə deməli Azərbaycan qanunvericiliyinin tələblərinə və Azərbaycançılıq ideologiyasına cavab veribdir. Bunu təsadüfən demirəm. Çünki bəzən “nurçu bombası” bu məktəblərin məzunlarına doğru tuşlanır və radikal müxalifət mətbuatı və onların havadarları bu məktəblərin minlərlə məzununa ləkə yaxmaq istəyir. Buməndə təəssüf hissi doğurur. Çünki bu məktəbin məzunları arasında çox rəngarəng insanlar var. Məzunlar arasında sayı hissedilməyəcək qədər az olan mənfi hərəkətləri ilə yadda qalmış insan bəlkə də var. Əsas odur ki, mütləq əksəriyyət Azərbaycan dövləçiliyinə sədaqətli insanlardır. Çünki məktəblərdə dövlətçilik, Heydər Əliyevə sədaqət hər zaman tərənnüm olunub. Ən əsası isə bu gənclər hamısı Azərbaycanlı balalarıdır. Bəziləri “litsey məzunu” sözünü elə kinayə ilə deyir ki, sanki bu uşaqlar yad planetdən gəlib bu məktəblərdə oxuyub. 
Bu gənclər Azərbaycan orta məktəblərindən imtahan yolu ilə seçiliblər, yaxşı təhsil alıblar, Azərbaycan sevərdirlər, bu gün dünyanın 200-dən çox şəhərinin universitetlərində Azərbaycana və onun dövlətçiliyinə baş ucalığı gətirirlər. Heydər Əliyev ideyalarının, İlham Əliyev siyasətinin təbliğində və dəstəklənməsində bu məzunlar hər zaman fəallığı ilə seçiliblər. Çünki bu məktəblərdə hər zaman məktəblərin açılmasına xeyir-dua vermiş Ulu Öndər Heydər Əliyevə sədaqət aşılanıbdır. Belə olmasaydı heç valideynlər öz uşaqlarını o məktəblərdə saxlamazdı. Çünki sadə xalqla yanaşı, o məktəblərdə xeyli sayda nazirin, millət vəkilinin, məmurların, hüquq-mühafizə orqanları əməkdaşlarının ailə üzvləri təhsil alıb və almaqdadır. Bu məktəblərin məzunlarını ləkələmək, onların ailə üzvlərinə də sataşmaq deməkdir".Xədicə İsmayılla bağlı məsələyə isə deputat belə cavab verib:
"Təsisçisi olduğum “İRƏLİ” İctimai Birliyinin ofisi İçəri Şəhərdə “Art Garden” restoranının yaxınlığında yerləşir. Bəzən nahar və şam yeməyi üçün həmin restorandan istifadə edirik. 23 yanvar tarixində də axşam Xədici İsmayıl, aralarında əcnəbilərin də olduğu 4 şəxslə birgə həmin restorana gəldi. Bir zəruri məqamı xüsusi vurğulamaq istərdim ki, restorana o daxil olanda mən artıq şam yeməyinə başlamışdım, yəni mən onların olduğu məkana deyil, əksinə, onlar mənim olduğum məkana gəlib və mənə yaxın masada əyləşiblər.
Xədicə İsmayılın şəxsən özü də gizlətmir ki, masa arxasında yüksək səslə danışırdı. Mənə məxsus telefonun diktafonu aktivləşdirməyimin də yeganə səbəbi məhz bu söhbəti aparan şəxslərin – Xədicə İsmayılın və digərlərinin danışıqlarında dövlətçiliyə, ölkənin konstitusion quruluşuna yönəlmiş aqressiv və təxribatçı mövqelərin səslənməsinin şahidi olmağımdır.
Şahidi olduğum bu söhbətdə konstitusiyanın və qanunvericiliyin bəzi müddəalarının konkret pozulması faktına şahid olmuşam və Azərbaycan qanunvericiliyinin “cinayətin şahidi olmaq, yaxud bu barədə məlumatlı olub xəbər verməmək özü bir cinayətdir” tövsihindən də xəbərdaram. Xüsusilə, söhbət milli mənafedən gedirsə, bu barədə sayıqlıq göstərmək, hər bir vətəndaşın borcu olmalıdır. Onu da qeyd etməyi vacib sayıram ki, Konstitusiyanın 32-ci maddəsi daha çox şəxsi çəkilişə və səs yazısına aiddir. “Art Garden” restoranı da ictimai yer olduğundan, burada danışılanlar, o cümlədən Xədicə İsmayılın müzakirələri şəxsi yox, məhz ictimai-siyasi motivlidir. Xədicə İsmayılın mənimlə “Art Garden”da rastlaşmasıyla bağlı 3 dəfə fərqli fikir səsləndirməsi və əvvəlki fikirlərdən birinin sosial şəbəkədən silməsi, bu barədə mövqeyini ard-arda dəyişməsi onun ictimaiyyətin mövqeyini yayındarmağa çalışmasını təsdiqləyir.
Təəssüflər olsun ki, əksər məqamlar istintaq sirri olduğundan onları tam açıqlaya bilmirəm. Lakin zamanı gələndə hər kəs hər şeyi biləcək. Əminəm ki, o zaman Xədicədən daha çox “xədicəlik” edənlər bundan utanacaqlar".
Burada sual olunur: Nəyə görə "nurçulu" söhbətləri millət vəkilinin jurnalisti ifşa etməsindən sonra ortaya çıxdı? 
Əgər həqiqətən belə söhbət var idisə, bunu öncədən demək olmazdımı? Görünən odur ki, ifşa olunan və həbs təhlükəsi yaşayan Xədicə İsmayıl Qərbdəki himayədarlarının hərəkətə keçməsi üçün düyməni basıb. Onlar da öz növbələrində Qərbə qarşı hər zaman ortaya mövqe qoyan millət vəkillərini bu yolla vurmaq istəyiblər. Bir maraqlı məqam da ondan ibarətdir ki, ABŞ kəşfiyyatçılarına "casus" siyahısını təqdim edən və öz mahiyyətini bir daha ortaya qoyan Xədicə İsmayıl son günlər ölkədəki proseslərə ümumiyyətlə reaksiya bildirmir, bütün statusları, paylaşımları Ukraynaya yönəlib. Yəqin ki, bu da ona ABŞ-dan gələn növbəti əmrdir.Digər hücuma məruz qalan millət vəkili isə Qənirə Paşayevadır. 
Millət vəkilini də "nurçuluq"da ittiham edən eyni KİV-lər və "facebook"da yaradılan saxta profildir. Deputat həmin şəxslərə olduqca sərt və tutarlı reaksiya verdi: 
"Bu ölkədə bir qrup cahil, həyatda heç bir zaman xeyrli işlə məşğul olmayan, sadəcə millətin oğul və qızlarına şər-böhtan atmaqla məşğul olan və bundan zövq alan bir qrup insan var. Bir neçə gündür məni nurçuluq təriqətinin mənsubu olmaqda ittiham edirlər və bununla mənə zərbə vuracaqlarını düşünürlər. Ay bədbəxtlər, əvvəlcə sizə xatırladım ki, ölkəmizdə din azadlığı var və hər kəsin inancına sayğı duyulmalıdır. Hər bir insan istədiyi təriqətə inana və bağlı olan bilər. Konstitutsiyamıza və qanunlarımıza görə də burada heç bir qanunsuzluq yoxdur. Başqalarının inancına müdaxilə edib, onu hədəf almaq isə ciddi qanun pozuntusudur. Mən də hər bir Azərbaycan vətəndaşı kimi istədiyim təriqətə inanmaqda, daxil olmaqda sərbəstəm və hər hansı bir təriqətin mənsubu olmaq istəsəm sizdən və başqalarından bunun üçün icazə almamalı və hesab verməməliyəm. Əgər hər hansı bir təriqətin o cümlədən nurçuluq təriqətinin üzvü olsam, bunu qorxmadan, açıq şəkildə söyləyərəm. Burada qanunsuz bir şey olmadığını təkrar siz cahil və xəbis niyyətli insanlara söyləmək istəyirəm. Nurçuluq təriqətinin üzvü olsam, bunu açıq şəkildə söyləməkdən çəkinmərəm. Bu gün şok video dediyiniz çıxışı isə mən 1 il əvvəl etmişəm və bir gün məni Beynəlxalq Dil və Mədəniyyət Şənlikləri (Uluslararası Dil ve Kültür Şöleni) çərçivəsində keçirilən Tükçə Olimpiyadaları - Musiqi Finalında (Türkçe Olimpiyatları Şarkı Finali) etdiyim çıxışımdan dolayı ittiham edəcəyiniz qorxsaydım o çıxışı etməzdim. Çünki sizdən fərqli olaraq mən sifarişlərlə işləmirəm. Məni o festivaldakı çıxışımdan dolayı ittiham edən bəxbəxtlər Seyid Yəhya əş-Şirvani əl-Baküvi həzrətləri ilə bağlı, onun böyük irsi ilə bağlı onlarla tədbirdə, beynəlxalq konfranslarda çıxış etmişəm. Bakuvi ən böyük təriqətin Xəlvətiliyi quran şəxsdir. Yəqin savadınız, ya da xəbəriniz olmayıb, xəbəriniz olsa məni xəlvətilik təriqətinin üzvü olmaqda da suçlayardnız. Çünki ən çox çıxışlarımı Bakuvi ilə bağlı edirəm və hətta parlamentdəki çıxışımda da gənclərimizi onun irsini öyrənməyə çağırmışdım. 
Son kitablarımda ən çox yazdığım və gənclərə oxumağı tövsiyə etdiyim, çıxışlarımda tez-tez sitat çəkdiyim Həzrəti Mevlanadan da yəqin xəbəriniz yoxdur. Yoxsa məni Mövlalıq təriqətində də ittiham edərdiniz. Bir müddət əvvəl agentliklərdə Hacı Vəli Bektaş və onun irsi ilə bağlı yazım və çıxışlarım da getmişdi. Yəqin xəbəriniz olmayıb. Yoxsa Bektaşi təriqətinin üzvü olmaqda da suçlayardınız. Yəqin 3 il əvvəl Mir Həmzə Seyid Nigari ilə bağlı beynəlxalq konfranslardakı çıxışlarım da əlinizə düşməyib, yoxsa məni nəqşibəndiyə təriqətində də suçlayardınız. Beynəlxalq Dil və Mədəniyyət Şənlikləri (Uluslararası Dil ve Kültür Şöleni) çərçivəsində keçirilən Tükçə Olimpiyadaları - Musiqi Finalında (Türkçe Olimpiyatları Şarkı Finali) etdiyim çıxışıma gəlincə insanlara çirkab atmaq və hədəf gösrətməklə məşğul olan Aznews.az saytı və onun sahibinə, onlara istinadən bu xəbəri yayanlara demək istəyirəm ki, ey dünyadan xəbərsizlər mən bu çıxışları Bakıda Türk məktəblərinin festivallarında hər zaman etmişəm xəbəri sizə yenimi çatıb. İnternetdə ən çox izlənən və bir il əvvəl canlı yayımda etdiyim çıxışı şok video əldə etmişik kimi yayan bədbəxtlər bir indiyə qədər o videoya nə qədər insanın izlədiyinə və tarixinə baxın. Yazıqlar olsun sizə… 
Bəli, bu gün də hesab edirəm ki, dünyanın müxtəlif yerlərində açılan türk okulları və Azərbaycandakı türk okulları insanımız, türk milləti üçün zərərli deyil, xeyirli işlərlə məşğul olub. Bunu təkcə mən deyil ölkəmizin rəhbərliyi, Türkiyə prezidenti, baş naziri, bir çox millət vəkilləri də deyiblər və onların videosunu da internetdən tapa bilərsiniz. Bu kampaniyanın arxasında dayanan adamları isə çox yaxşı tanıyıram. Bu kampaniyanın rəhbərlərindən birinə bu sualı verirəm. Əgər bu məktəblər pis idisə, niyə övladınızı orada oxumağa vermişdiniz O zaman demək sizin övladınız da nurçuluq təriqətinin üzvüdür. Bizi, bir qrup gənc insanı çeşitli mətbuat orqanları vasitəsi ilə hədəfə alan bədbəxtlər sizin dərdiniz başqadır bunu bilənlər bilir. Siz bu ölkəni, onun inkişafını sevmirsiniz, siz sadəcə öz şəxsi maraqlanızı və mənafeyinizi düşünürsünüz və sizin kimi istedadsız insanların önünə keçən aydın gənclərə nifrət edir və onlara bu yollarla zərbə vurmaq istəyirsiniz. Amma alınmayacaq, Allah böyükdür və ölkəmizin sizin kimi böhtançıların sözləri ilə deyil faktlarla işləyən Milli Təhlükəsizlik Nazirliyi var. Onlar kimin kim olduğunu çox yaxşı bilirlər.
Gücünüz sadəcə əliniz çatan mətbuat orqanlarında bizi hədəf almağa çatır amma bu reketçiliklə məşğul olan agentliklərlə sabahdan onlar kimi şantaj deyil, hüquq müstəvisində danışacağıq. Mənə vurduqları mənəvi ziyana görə onlardan məhkəmə yolu ilə əldə edəcəyim təzminatı isə ehtiyacı olanlara hədiyyə etməkdən böyük məmuniyyət duyacam. Bu sizə qısa cavabımdır, daha geniş cavabımı gözləyin…"Deputat daha sonrakı statusunda isə onu "nurçu" adlandıranlara Atatürk haqda yazdığı məqaləni oxumağı tövsiyə edib: 
Türkiyədə hər çıxışında Atatürkdən sevgi və sayğı ilə danışan, onun haqqında "Dünyanın itirdiyi böyük adam" kitabını yazan adamı Atatürkçü adlandırmayan amma həyatında bir dəfə də olsun Said Nursidən sitat gətirməyəm adama Bakıdakı və dünyadakı türk okullarını nə üçün tərifləyən çıxış edibsən deyərək Nurçu adlandıran adamların ya ciddi əxlaq, ya mənəviyyat, ya da intellekt problemi var. Bu adamlar Türkiyə prezidentindən, baş nazirindən tutmuş, bir sıra müxalifət partiya liderlərinə, millət vəkillərinə qədər o cümlədən Azərbaycanın bir sıra vəzifəli şəxslərinin bu məktəblərlə bağlı nə qədər yüksək fikirlər səsləndirdiyindən ya xəbərləri yoxdur ya da özlərini xəbərsiz kimi göstərmək niyyətindədirlər. Əslində xəbərləri var amma böhtan atmağa səbəb tapmalıdırlar axı öz ağıllarının imkan verdiyi qədər... Nə demək istəyirsiniz? İndi o adamların hamısı nurçudur?"Azərbaycanda siyasətlə maraqlanmayan insanlar belə Qənirə Paşayevanın ölkəmiz üçün etdiklərindən xəbərdardır. Xocalı soyqırımının ildönümü günlərində millət vəkilli hər gün 3-4 auditoriya qarşısında çıxış edir, Gürcüstanda, Türkiyədə, Avropa ölkələrində erməni vəhşiliyindən söhbət açır, xarici ölkənin fəxri vətəndaşı seçilir, başqa deputatların istirahətə minlərlə pul xərclədiyi zamanda, acından ölən Somalilərə yardım etmək üçün onların yanına gedir və əvəzində ona "nurçu" damğası vurulur. Azərbaycanı sevən heç bir kəs bu qədər iş görən bir insanı suçlaya bilməz. Ən azından Qənirə Paşayevanın "facebook" profilində bir gündə paylaşdığı tədbirlər haqda məlumat başqa deputatların 5 ildə etdiklərindən çoxdur. Bu məqamda deputatı günahlandırmaq özünün də dediyi kimi böyük tərbiyəsizlikdir. Son olaraq qeyd edək ki, ABŞ Dövlət Departamenti bir neçə gün öncə Azərbaycanla bağlı hesabatını açıqlayıb. Hesabatda qeyd olunur ki, «Azərbaycandakı mövcud vəziyyət ərəb baharından əvvəlki durumu yada salır». 
Əslində, bu hesabatdan dərhal sonra bu məsələlərin ortaya çıxması da təsadüf sayıla bilməz. Çünki hər kəsə bəllidir ki, bu ərəfədə Xədicə İsmayılın ifşa olunması ABŞ-a sərf etmirdi və onlar dərhal əks-hücuma keçəcəklərdi. Bu hücum da onu ifşa edən Ceyhun Osmanlı və ən aktiv millət vəkillərindən olan Qənirə Paşayevaya yönəldi. ABŞ bununla danışan deputatları susdurmaq niyyətini güdür. Çox təəsüf ki, bəzi KİV-lər də bu məsələdə dövlətçilik maraqlarından deyil, kimlərinsə yanında yaxşı görünmək, imtiyazlar əldə etmək üçün "qarayaxma" kampaniyasına start veriblər. Ancaq faktdır ki, kimlərinsə bilərəkdən başlatdığı bu kampaniyanın nəticəsində :
Ölkənin informasiya məkanında müxtəlif vəhhabi təriqətlərinin canlanması üçün əlverişlı şərait yaranıb;
Suriyaya gedib, orda həlak olan həmyerlilərimizin məsələsi ikinci plana keçib.
ABŞ-a casusluq edən Xədicə İsmayılın məsələsi gündəmi tərk edib.
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR