CNN-də Azərbaycan kəndindən reportaj yayımlanır

MARAQLI
16:54 15.02.2011
1957

Bu günlər dünyanın xəbər liderlərindən olan CNN telekanalı Azərbaycandan növbəti reportaj yayımlayır. ANS TV-nin jurnalisti Sevinc Osmanqızı bu reportajı Azərbaycanın İsmayıllı rayonu ərazisində yerləşən İvanovka kəndindən hazırlayıb. İki əsrə yaxındır ki, Rusiyadan qovulan Molokan xristianları bu kənddə azərbaycanlılarla çiyin-çiyinə, əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanın bu unikal kəndi və orada qorunub-saxlanan yeganə kolxoz barədə reportaj CNN telekanalının “World View” verilişində yayımlanır. 

İvanovka kəndi XIX əsrin ortalarında pravoslav ənənələrinə riayət etməkdən imtina etdikləri üçün çar Rusiyasından qovulub çıxarılan molokan xristianlar tərəfindən yaradılıb. Vasili Prokofyev deyir ki, burada “Sobraniye” adlandırılan kilsə pravoslav kilsələrindən fərqlidir. Divarlarda ikona və yaraşıq görməzsiniz. 

Kənd sakini Vasili Prokofyev əcdadlarından danışarkən bildirib ki, onlar ikonanı qəbul etməyib: “Axı, taxtaya necə sitayiş etmək olar? Biz, gözlə görünməyən Allaha dua edirik. Buna görə də bizim babalarımızı qandallara salıb, bura sürgün etdilər. Azərbaycanda onlara sığınacaq verdilər. Bizim inanclarımız bir-birinə çox bənzəyir. İncil deyir: “Oğurlama”, “Pislik etmə”, Qurani-Kərim də onu deyir. Mən heç vaxt donuz əti yeməmişəm. Arağı heç əlimizə almırıq”. 

1991-ci ildə Sovet İttifaqının dağılması və qonşu Ermənistanla müharibənin yaratdığı iqtisadi tənəzzül illərində onlarla Molokan ailəsi daha yaxşı iş və şərait ardınca gedərək, İvanovkanı tərk edib. 28 yaşlı Vasili Novoseltsev deyir ki, bu proses 2-3 il olar dayanıb: “Mən İvanovkada yaşamağımla fəxr edirəm və yaxın gələcəkdə heç yerə getməyə hazırlaşmıram. Bunu düşünən dostlarımı da bu fikirdən daşındırmağa çalışıram”. 

İvanovka sakinlərinin əksəriyyəti Nikolay Nikitin adına kolxozda işləyir. Kolxozun ilk sədri olan Nikitin 41 il ona sədrlik edib. Kolxozun iqtisadi göstəriciləri ənənəvi olaraq, ölkənin digər yerlərindən yüksək olub. Köhnə sovet vaxtlarında olduğu kimi kolxozçular işlədikləri günün sayına uyğun olaraq, kolxozun gəlirindən əməkhaqqı və istehsal olunan məhsuldan pay alırlar. Kolxoz daha çox gəlir qazanarsa, maaş da çox olacaq. Pis hava şəraiti, az məhsul, itkini hamı hiss edir. 

Maraqlıdır ki, kolxozçular bu cür gəlir bölgüsünü hələ də ədalətli hesab edirlərmi? Kolxozçu Valeri Krupski hesab edir ki, kollektiv təsərrüfat özünü doğruldur: “Özəl fermerlər tanıyırdım ki, biznesi yox oldu. Bizdə çoxsahəli təsərrüfatdır, üzüm və ya şərabçılıqla problem yarananda, donuzçuluq, yaxud quşçuluq və ya mal-qara karımıza yetişir”. 

İvanovkada adamlar istədikləri kimi yaşamalıdır. Onların seçdiyi yol kolxozun milyonçu olduğu sovet keçmişinin yaddaşını hələ də özündə əks etdirir. Onun bu gün də uğurla fəaliyyət göstərməsi iddia edilən, lakin çox vaxt reallaşdıra bilinməyən kolxoz ideyasının - əsl və könüllü icma ruhunun canlı nümunəsidir.

 

OXŞAR XƏBƏRLƏR