"Norveçin Baş naziri Yonas Qar Styorenin Bakıda keçiriləcək COP-29-da iştirakdan imtina etməsi bu ölkənin üzərinə götürdüyü öhdəliklərdən yayınmasına xidmət edir. Bəlli olduğu kimi, Norveç dünyanın ən böyük neft və qaz istehsalçısı olan ölkədir. Prinsip etibarilə, ekologiyanın qorunması, mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər Norveçin maraq dairəsində olmalıdır".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli Norveçin Baş naziri Yonas Qar Styorenin Bakıda keçiriləcək COP-29-da iştirakdan imtina etməsinə münasibət bildirərək deyib.
Deputat bildirib ki, bu cür addım bir daha Norveçin bəşəriyyətin taleyini düşündürən məsələlərlə deyil, geosiyasi faktorlarla hərəkət etdiyini sübuta yetirir:
"Bunlar bir daha Norveçin bəşəriyyətin taleyini düşündürən məsələlərlə deyil, geosiyasi faktorlarla hərəkət etdiyini sübuta yetirir. Onu da qeyd edim ki, Norveç bütün dünyada ekologiyaya ən çox ziyan vuran və bunu vəhşicəsinə icra edən bir ölkə kimi tanınır. Xüsusilə də "balina qətliamı" adlanan bəşəriyyətin üz qarası olan bir qətliam nümunəsi Norveçin də həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Dövlət bu prosesi nəinki səngiməyə çalışır, həm də diplomatik vasitələrlə ayrı-ayrı ölkələrə məhz bu kontekstdən Norveçə qarşı atılan addımların qarşısını almaq üçün istifadə edir. Bir fakt göstərə bilərəm ki, bu dişi balinaların qətlə yetirilməsiylə bağlıdır. Bütövlükdə ekologiyaya vurulan ən böyük ziyan olmaqla yanaşı, faktiki olaraq onların nəslinin kəsilməsinə xidmət edən bir addımdır ki, bu da Norveçin turist cəlb etmək üçün ölkəyə vəhşi həzzdən necə faydalanmağa çalışdığını sübuta yetirir. Bu aspektdən də baxanda hökumət, dövlət səviyyəsində prosesi tənzimləyən insanlardan təbii ki, ekologiyanın qorunması istiqamətində atılan addımların içərisində yer almağa çalışmamaları təbii qəbul olunmalıdır. Çünki təbiətə qarşı savaş Norveç hakimiyyətinin mahiyyətini təşkil edir.
Norveçdə öldürülən balinaların təxminən 70%-i dişi balinalardır, onların çoxu hamilədir. Onlar daha yavaş hərəkət edir və sahilə yaxın qalırlar, bu da onları ovçular üçün asan ov edir. Eyni zamanda, balina ətinə daxili tələbat azalır: norveçlilərin yalnız 2% -i bu məhsulu tez-tez yeyir. Hökumət isə turistləri cəlb etmək və balina ətinin alternativ istifadəsi (heyvan yemi, qida əlavələri, dəriyə qulluq məhsulları və s.) üçün balina qətliamını subsidiyalaşdırmağa davam edir".
Məsələyə münasibət bildirən VII Çağırış Milli Məclisin deputatı Vüqar Rəhimzadə AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycanın xarici siyasətində diqqət yetirdiyi əsas məsələlərdən biri COP-29 tədbiridir:
"Azərbaycanın xarici siyasətində xüsusi diqqət yetirdiyi məsələ yeni əməkdaşlıq formatlarının yaradılması əsasında yeni dostlar qazanmaq, ənənəvi tərəfdaşlarla münasibətləri daha da inkişaf etdirməkdir. Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər ölkəmizə bu imkanları yaradır. Günümüzün əsas diqqət göstərilən məsələlərindən biri məhz Azərbaycanın gələn ay dünya miqyaslı mötəbər tədbirə - COP29-a ev sahibliyidir. Bu tədbirdə 200-ə yaxın ölkənin təmsil olunması COP29-un əhəmiyyəti ilə yanaşı, Azərbaycanın gündən-günə artan beynəlxalq nüfuzunun göstəricisidir".
Bu platformadan Azərbaycan həm əməkdaşlıq coğrafiyasını genişləndirmək, həm də ədalətli mövqeyini bir daha bütün dünyaya çatdırmaq imkanına malik olmaqla beynəlxalq imicinə yeni əlavələr edəcək. Dövlət başçısı İlham Əliyev hələ 2024-cü ilin ilk ayında yerli televiziya kanallarına müsahibəsində bildirmişdi ki, mahiyyət nöqteyi-nəzərindən neft-qaz hasil edən və neft-qaz keçmişi olan ölkələrdə belə tədbirlərin keçirilməsi daha önəmlidir. Çünki bu, bizə, Birləşmiş Ərəb Əmirliklərinə, ondan əvvəl Misirə irad tutulur ki, neft-qaz hasil edən ölkələrdə üçüncü dəfədir bu tədbir keçirilir. Amma buna başqa nöqtədən yanaşmaq lazımdır. Neft-qazla zəngin olan ölkələr bu prosesin içindədirlər. Onlar ümumi işimizə töhfə vermək istəyirlər.
Azərbaycan da nəinki özünün enerjiyə tələbatını ödəyir, eyni zamanda, dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verir. COP29-a ev sahibliyimiz onun göstəricisidir ki, istəyirik öz vəsaitimizi bu sahəyə ayıraq, həm ölkələrimizdə yaşıl enerji inkişaf etsin, həm də dünyaya töhfə verək. Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı mövqeyimizdən böyük dərəcədə asılı olacaq. Bu, bizim üçün də böyük bir təcrübə olacaq. COP dünyanın bir nömrəli beynəlxalq tədbiridir. Həm də dünya ictimaiyyətinin diqqəti nöqteyi-nəzərindən, BMT Baş Assambleyasından da daha mötəbərdir.
Prezident İlham Əliyev bunu belə əsaslandırır ki, BMT Baş Assambleyasında adətən prezidentlər gəlir, çıxış edir. Çıxış etdiyi dövrdə zalda onların nümayəndə heyətlərindən başqa, adətən heç kim olmur. Amma burada real iş aparılacaq, müzakirələr, ola bilər müəyyən fikir toqquşmaları, yəni maraqlı bir proses olacaq.
Azərbaycanın da bu prosesə rəhbərlik etməsi, əlbəttə ki, qürurvericidir.
Sualı dövlət başçısı İlham Əliyevin yuxarıda qeyd etdiyim fikirləri ilə cavablandırmağım səbəbsiz deyil. Bu çağırışların hər biri bu gün COP29-da iştirak eiməkdən imtina edən Norveçin Baş naziri Yonas Qar Styore kimi rəsmiləri ciddi düşündürməlidir. Amma çox da uzaq olmayan vaxtlarda Yonas Qar Styorenin COP29-la bağlı fikirlərinə diqqət yetirsək həmin vaxt onun tədbirə dəstəyinin şahidi olarıq. Belə ki, Baş nazir COP29-un Azərbaycanda keçirilməsini ekoloji gündəliyin çox mühüm davamı kimi dəyərləndirmişdi. Onu da qeyd etmişdi ki, biz hamımız texnologiya və enerji sahəsində gördüyümüz işlərə sadiq olmalı və bunu nəzərə almalıyıq. Norveç bu işdə iştirak edəcək. O, həmçinin iqlim sammitini yaşıl keçidin problemlərinin və imkanlarının həlli üçün əsas forum kimi qeyd etmişdi. Bu dəyərləndirmədən sonra Baş nazirin iştirakdan imtina etməsi təəccüb doğurmaya bilməz. Görünən budur ki, bu imtinanın heç bir məntiqi əsası yoxdur.
Qlobal iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı mübarizə günümüzün əsas çağırışıdır. Bunun üçün beynəlxalq həmrəylik gücləndirilməlidir. Azərbaycan bütün dünyanı iqlim dəyişikliyinin ədalətli maliyyələşdirilməsini təmin etməyə, iqlim dəyişikliyi ilə mübarizə üzrə ümumi öhdəlikləri qəbul etməyə çağırır. Zəngin enerji resurslarına malik olan Norveçin ekoloji sammitdən kənarda qalması birmənalı qarşılana bilməz. Zaman hər bir hadisənin düzgün dəyərləndirilməsində zəngin mənbədir. Şübhə yoxdur ki, tezliklə bu "imtinanı” şərtləndirən amil açıqlanacaq".
Qeyd edək ki, Norveçin Baş naziri bir neçə gün öncə COP29-da iştirakdan imtina etdiyini açıqlamışdı.
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "ekologiya və ətraf-mühitin mühafizəsi" mövzusunda dərc edilib.