Corc Dik: "Terrorla mübarizədə tərəfdaşlığına görə Azərbaycana təşəkkür edirəm"

Corc Dik: "Terrorla mübarizədə tərəfdaşlığına görə Azərbaycana təşəkkür edirəm"
SİYASƏT
12:07 23.05.2025
320
Terrorla mübarizədə tərəfdaşlığına, eləcə də dünən Vaşinqtonda iki israilli diplomatın qətlə yetirilməsi ilə bağlı başsağlığına görə Azərbaycana təşəkkür edirəm.

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

"Təəssüf ki, terror təhlükəsi yenidən baş qaldırdı. Dünən Vaşinqtonda İsrailin iki diplomatı küçədə qətlə yetirildi. Buradan bir daha onların ailələrinə, Vaşinqtondakı səfirliyimizə və diplomatik korpusumuza başsağlığı verirəm”, - səfir qeyd edib.

O, Azərbaycanın bu hadisəyə münasibətini yüksək qiymətləndirib: "Azərbaycanın burada və başqa yerlərdə terrorla mübarizədə tərəfdaşlığına, eləcə də dünən Vaşinqtonda iki israilli diplomatın qətlə yetirilməsi ilə bağlı göstərdiyi başsağlığına görə təşəkkür edirəm”.

Texnologiyanın terrorçular tərəfindən istifadəsinə də diqqət çəkən səfir deyib: "Terrorizm də texnologiya kimi inkişaf edir və daha da mürəkkəbləşir. Süni intellekt və müasir texnologiyaların vəd etdiyi imkanlar olduğu kimi, bu texnologiyalar terrorçuların əlinə keçəndə ciddi təhlükə yaradır”.

C. Dik belə tədbirlərin qlobal əməkdaşlıq üçün mühüm olduğunu vurğulayıb: "Azərbaycan və bu əhəmiyyətli konfransın təşkilatçıları hamımızı narahat edən bir mövzu ilə məşğuldurlar – cinayət yolu ilə əmlak əldə olunması və daha da önəmlisi terror təhlükəsi və onun maliyyələşdirilməsinin necə dayandırılması. Belə konfranslar bizi bir araya gətirən meydanlardır - istər ikitərəfli, istər üçtərəfli, istərsə də FATF kimi beynəlxalq təşkilatlar vasitəsilə. Biz birlikdə terrorizmin maliyyələşdirilməsini məhdudlaşdırmaq və cinayət fəaliyyəti ilə mübarizə aparmaq üçün çalışmalıyıq”.

İsrail və Azərbaycan arasında əməkdaşlığa da toxunan səfir bildirib: "Son illərdə Azərbaycanla, xüsusilə təhlükəsizlik və antiterror sahəsində ikitərəfli münasibətlərimiz daha da dərinləşib və genişlənib. Bu gün aldığımız məlumat göstərdi ki, ötən illə müqayisədə İsraildən Azərbaycana gələn turistlərin sayı iki dəfədən çox artıb”.

O, həmçinin Azərbaycanla Birgə Hökumətlərarası Komissiyanın işinə də ümidli olduğunu deyib: "Ümid edirik ki, komissiya tezliklə toplanacaq. Biz ikitərəfli ticarət və əməkdaşlığımızı texnologiya, kibertəhlükəsizlik, kənd təsərrüfatı, su, tibb və digər sahələrdə genişləndirərək yeni səviyyəyə çatdıracağıq”.

Çıxışının sonunda səfir şəxsi bir nüansı da bölüşüb: "Atam mühasib idi və Yafada ilk mühasibatlıq ofisini açmışdı. Bu mövzu mənim üçün şəxsi əhəmiyyət daşıyır. Diplomatlar və mühasiblər oxşardır - biz dünyaya baxırıq və onu yaxşılaşdırmaq istəyirik. Amma mühasiblər daha detallara fokuslanır. Bilirsiniz ki, şeytan detallarda gizlənir. Ona görə, "şeytan"la mübarizədə sizə təşəkkür edirəm. Qarşıda birgə mübarizə aparacağımız çoxlu "şeytanlar" var”.

Qeyd edək ki, Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının qətlə yetirilməsi diplomatların Yəhudi Muzeyində keçirilən tədbiri tərk edərkən baş verib. Güllələnən diplomatlardan biri qadın, digəri isə kişi olub. Şübhəli bilinən şəxs, 30 yaşlı Elias Rodriges saxlanılıb.
OXŞAR XƏBƏRLƏR