'Daha Əkrəmi müdafiə etmirəm’ - Deputat

12:22 13.02.2013
1269

“Əkrəm Əylisli nankor bir hərəkət etdi. Bunu başqa cür izah edə bilmirəm. Öz xalqını aşağıladı. Özü də bu, təsadüfən, başıxarab olmaqdan irəli gəlsəydi, bəlkə də tamam ayrı üsullardan istifadə etmək olardı. Yəni müalicə olunsun-filan”. AZXEBER.COM-un məlumatına görə, bunu Azadlıq Radiosunda keçirilən debatda millət vəkili Nizami Cəfərov deyib. O, bildirib ki, uzun illər biz Əkrəm Əylislinin yaradıcılığında, fikirlərində belə şeylər görünür: “Düzdür, bu qədər “fontan” eləməyib. Burda əlbəttə, çox ciddi ictimai qınaq da olmalıdır. Dövlət tədbiri də olmalıdır. Bizim Ermənistanla, ermənilərlə münasibətimiz ölüm-dirim münasibətidir. Bizim əsgərimiz necə döyüşürsə, yazıçımız, ziyalımız da o cür döyüşməyi bacarmalıdır. Millətini müdafiə etməlidir”. Millət vəkili yazıçının qulağının kəsilməsi ilə bağlı çağırışlara da münasibət bildirib: “Daha elə də olmaz. O da bədii bir təklifdir. Necə ki Əkrəm Əylisli bu millətin qulağını kəsmək istəyir, o cür də ona təklif gəlir. O ki qaldı, kitabların yandırılmağına, təbii ki, kitab gərək yandırılmasın. Burda söhbət kitabları yandırmaqdan çox etirazdan gedir. Bu xalq etirazıdır... Mən düşünürəm ki, bu etirazları hökumət təşkil etməyibsə belə, təşkil etməsi düzgün olardı”. “Əkrəm Əylisli özü də yaxşı bilir ki, əxlaqsız bir əsər yazıb. Özü də bir yox, bir neçə əsər yazıb. Niyə yazıb? Səbəb şəxsi-inciklik, şıltaqlıq, ortaya düşmək, budur, bu əsər heç bir xalqa xidmət etmir. Əkrəm Əylisli 1980-ci illərin sonu, 1990-cı illərdə də belə hərəkət etmişdi, onda onu müdafiə etdim, daha onu müdafiə etmirəm”.

OXŞAR XƏBƏRLƏR