'Damarında Azərbaycan qanı axan insan heç vaxt Azərbaycanla Ermənistanı müqayisə etməz'
MEDİA
12:29 26.01.2012
2154
Xəbər verdiyimiz kimi “Sərhədsiz Reportyorlar” təşkilatı illik Mətbuat Azadlığı indeksini açıqlayıb. Azərbaycan Mətbuat Azadlığı indeksində 179 ölkə arasında 162-ci yerdə qərar tutub. Ötən illə müqayisədə Azərbaycan 10 pillə aşağı düşüb. Bu siyahıda Ermənistan isə 79-cu pillədə yer alıb. AZXEBER.COM portalı mövzuyla bağlı Səs qəzetinin baş redaktoru Bəhruz Quliyevlə əlaqə saxlayıb. O Ermənistanla Azərbaycanın müqayisəsinin qüsurlu olduğunu deyib və müqayisəyə görə azərbaycanlı jurnalistləri günahlandırıb: “Heç bir azərbaycanlı jurnalist, iqtidar və ya müxalifət olmasından asılı olmayaraq Ermənistanla Azərbaycanı müqayisə etməməlidir. Azərbaycan vətəndaşı, damarında Azərbaycan qanı axan insan heç vaxt Azərbaycanla Ermənistanı müqayisə etməz. Azərbaycanda söz azadlığı da göz önündədir, inkişaf da göz önündədir”. Bəhruz Quliyev həmçinin Sərhədsiz Reportyorlar”ı qeyri-ciddi təşkilat adlandırıb: “Sərhədsiz Reportyolar" da, digər Qeyri Hökümət Təşkilatları da getsinlər Avropada baş verən hadisə analiz etsinlər, sonra gəlsinlər Qafqazda baş verən hadisələri müzakirə etsinlər. Bilirsiniz ki, bu günlərdə Fransa senatında Erməni soyqırımını qəbul etməyənlərin cəzalandırılmasıyla bağlı qanun qəbul edildi. Fikir azadlığına, söz azadlığına təpki bax odur. Demokratiyaya təpki budur. Sərhədsiz Reportyorlar, Human Rights, Avropa, ABŞ və bütün demokratik instutlar getsinlər dünyada baş verən hadisələrə mikroskopla baxsınlar sonra gəlib Azərbaycanı müzakirə etsinlər. Baxsınlar, görsünlər ABŞ-da nə qədər adam tutulub, Avropada nə qədər adam tutulub Azərbaycanda nə qədər adam tutulub. Mən bu bəyanatı, bu təşkilatı qeyri-ciddi hesab edirəm”. Hacıbəy HEYDƏRLİ