"Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin danışıqlarla bağlı mövqeyi və tələbləri ölkəmizin cəmiyyəti üçün çoxlu xoş sürprizlər ehtiva edəcək”.
AZXEBER.COM bizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Ukrayna telekanalının efirində bildirib.
Qeyd edək ki, Rusiyanın şərtləri ilə bağlı müxtəlif açıqlamalar verilir. Son olaraq Türkiyə prezidentinin müşaviri İbrahim Kalın bildirmişdi ki, Vladimir Putin Ukraynanın tərəfsizliyi, yəni NATO-dan imtina etməsi, tərksilah olunması və "denazifikasiya” (rus dilinin Ukraynada sərbəst işləməsi) tələblərini irəli sürür. Bundan başqa, Rusiya tələb edir ki, Ukrayna Krımı onun ərazisi olaraq tanısın. Həmçinin qanunsuz "DNR” və "LNR”-in müstəqilliyinin tanınması barədə də tələblər irəli sürülürdü. Amma son açıqlamalardan belə anlaşılır ki, Rusiya qondarma respublikaların tanınması tələbindən geri çəkilməyə hazırdır, sadəcə, həmin ərazilər üçün xüsusi status tələb edəcək.
Kənardan müşahidə edərkən belə təəssürat yaranır ki, Ukrayna şərtlərin bir qismini qəbul etməyə hazırdır. Amma Ukrayna rəsmisi bunun heç də belə olmadığını bildirib. Onun sözlərinə görə, Ukrayna hətta NATO üzvlüyündən də imtina etmək fikrində deyil.
"Beləliklə, Rusiya Ukraynaya bir sıra qeyri-real tələblər, o cümlədən NATO kursunun rədd edilməsi ilə bağlı tələblər irəli sürüb. Buna görə də bizim tərəfin güzəştə gedə biləcəyi qorxusu yaranıb”,- deyən Aretoviç bu şayiələri təkzib edib.
Prezident Aparatı rəhbərinin müşaviri vurğulayıb ki, Ukraynanın irəli sürdüyü şərtlər ukraynalılar üçün çoxlu sürprizlər ehtiva edir. Arestoviç əmin edib ki, heç kim güzəştə getməyi planlaşdırmır.
"Danışıqlarda irəli sürdüyümüz şərtlər xalq, cəmiyyət və dövlət üçün çoxlu xoş sürprizlər ehtiva edir. Heç kim heç nə ilə barışmaq fikrində deyil və heç kim Putinə Ukraynada tökdüyü qanla öz "arzular siyahısı"nı gerçəkləşdirməyə imkan verməyəcək. Xalq Ukraynanın müdafiəsindədir”,- deyə o bildirib.
Arestoviç danışıqlar ucbatından daxili fikir ayrılıqlarının yaranması ilə bağlı şayiələrə də münasibət bildirib. O bildirib ki, hökumət və danışıqlar prosesinin iştirakçıları Ali Rada və ekspert icması ilə məsləhətləşmələr aparır.
"Hökumət və danışıqlarda iştirak edən insanlar parlamentlə, ekspert icması ilə çox intensiv məsləhətləşmələr aparır. Prosesdə deputatların və ekspert icmasının iştirakı göstərir ki, hər kəs öz nümayəndələri səviyyəsində həqiqəti bilir",- Aretoviç bildirib.
O əlavə edib ki, daxili ünsiyyət mübahisələrin qarşısını almalıdır: "Bütün bunları bilən, amma şüurlu şəkildə fikir ayrılığı yaradan siyasətçilər də var”.
Xatırladaq ki, Ukrayna nümayəndə heyətinin digər üzvü Mixail Podolyakın sözlərinə görə, Moskvanın mövqeyinin "daha adekvat” olmasına dair əlamətlər görünməyə başlasa da, Rusiya ilə sülh danışıqları ən azı "bir neçə həftə” davam edə bilər.