Darıxan uşaq

MARAQLI
02:33 01.02.2016
2745
Mən elə bilirdim bütün uşaqlar eyni dildə danışır, 
Eyni dildə susur, Eyni dildə ağlayır ana. 
Mən elə bilirdim ancaq böyüklər ac qala bilir 
Uşaqların aclığından xəbərsiz idim. 
Mən elə bilirdim hər işin sonu 
Oxuduğum nağıllar kimi bitəcək 
Xeyirin şər üzərində qələbəsi olacaq. 
Bütün uşaqlığımı bir kitaba qoyub kimsə əlçatmaz bir rəfə qaldırıb sanki. 
Əlim çatmır, Xatirələrimə əlim çatmır ana.
Elə darıxmışam elə darıxmışam 
İzahı yoxdu uşaqlıqdakı o gözəl günlərin 
Soruşsan böyümək istəməzdim ana.
Mən elə bilirdim Hərfləri bilmədən öyrətdiyin Füzulinin qəzəli çətindir 
Kaş elə ən bəsit çətinliyin o olduğunu da öyrətsəydin ana. 
Mən elə bilirdim böyüdükcə hər şeyin öhdəsindən daha asan gələr, 
Hər problemi rahatca həll edərdim. 
 Yanılmışam ana həm də çox. 
 Mən elə bilirdim çarəsizlikdən ağlayar adam 
Sən demə adam çarəsizlikdən susarmış ana. 
 Uşaq vaxtı ağlamağına qıymadığın o gözlər İndi ağlamaqdan susub ana. 
Mən elə bilirdim üzünə qırışlar düşəndə, 
Saçına ağlar düşəndə qocalır adam. 
Sən demə içindən yaşlanır ana. 
Heç mən də sən gördüyün yaşda deyiləm 
Dörd fəslini deyil, bəlkə də on dörd fəslini yaşayıram bir ilin. 
Nigaran qalma ana 
Bu boyda dünyada özümə yer taparam mən 
Bəlkə də xoşbəxt olmaram amma birtəhər yaşayaram mən.
OXŞAR XƏBƏRLƏR