Kəramət Böyükçöl
Facebookda bir yazıçı dostuma: - Nə oldu? - Alınmadı. O biri dostuma: - Nə oldu? - Alınmadı. - Mehdi dayı necədi? - Onda da alınmadı. - Bəs Tamara xala yaxşıdır? - Onda da alınmadı. Atama: - Neylədin? - Alınmadı. Birinci kursda oxuyurdum, hələ başım heç nədən çıxmırdı, heç indi də çıxmır, sadəcə, aradan keçən illər ərzində çoxlu üzlər gördüm və bu üzlər məni, demək olar ki, dəyişdi. Amma alınmadı. Mənim ən zəhləm gedən şey zaman haqqında danışmaqdır. Kim yanımda zamandan danışıbsa, həmişə üzümü turşutmuşam. Ancaq get-gedə, deyəsən, zamanın nə olduğunu hiss eləməyə başlamışam. Haradasan, ey zaman, tez gəl! Nə qədər kişilərin, əslində, nakişi olduğunun, nə qədər nakişilərin, əslində, kişi olduğunun fərqinə varmaq, şübhəsiz ki, zamanın işidir. Mir Cəfər Bağırovun qızı: - Ata, bu dünya bizimdir? - Yox, qızım, dünya bizim deyil. - Ata, bu ölkə bizimdir? - Yox, qızım, ölkə də bizim deyil. - Ata, bu ev bizimdir? - Yox, qızım, ev də bizim deyil. - Ata, bu otaq bizimdir? - Yox, qızım, otaq da bizim deyil. - Ata, bəs nə bizimdir? - Qızım, təkcə zaman bizimdir. Mir Cəfər Bağırovda da alınmadı. Yaşım az olsa da, içimdə qəribə ədəbiyyat iddiası var. Elə bil Azərbaycan insanı deyiləm, özümü dünya vətəndaşı kimi hiss edirəm. Hərdən də özüm haqqında o qədər yüksək fikirdə oluram ki, axırda gülməyim gəlir. İçimi realizə etmək üçün dəridən-qabıqdan çıxmağım da, özümü oda-közə vurmağım da ən çox içimdəki həyat eşqi ilə bağlıdır. Amma alınmadı. Evləndim, alınmadı. Boşandım da alınmadı. İçimdə qəribə bir eşq var. Həmişə də belə olub. Məsələn, elə bilirdim ki, Bakı Dövlət Universitetini bitirən kimi məndən nəsə olacaq, amma alınmadı. Alınmadısa, alınmadı, heç həvəsdən də düşmürəm. Elə bilirdim ki, birinci romanımı yazsam, məndə nəsə alınacaq, amma alınmadı. Alınmadısa, alınmadı. Heç həvəsdən də düşmürəm. İkincini yazmağa başladım. İnanırdım ki, bundan sonra məndə nəsə alınacaq, amma alınmadı. Alınmadısa, alınmadı. Üçüncünü yazmağa başlamışam. Hərdən içimdə qəribə bir hiss əmələ gəlir ki, heç vaxt alınmayacaq! Alınmır, heç alınmasın. Heç vecimə də deyil. Həm də bir təsəllim var ki, onsuz da, heç kəsdə heç nə alınmadı. Guya tay-tuşlarım arasında məndən daha parlaq yazı yazan, məndən daha yaxşı roman yazan varmı ki, mən də narahat olum. Onsuz da, onlarda da alınmadı. Heç vaxt alınmayacaq, mümkün deyil. Heç bu yazı da alınmadı. Daş mənim başıma!