Tofiq Abbasov“New Baku Post” qəzetinin baş redaktoru“Daş yuxular” ətrafında diskussiyanın səngiməməsi tam başadüşüləndir.
“Xalq yazıçısı”nın antixalq romanistikası xalqın taleyinə biganə qalmayan, onun dərd-səri ilə yaşayan və əsrlərdir ona düşmən kəsilənlərin dəyirmanına su tökənlərlə barışmayanları ciddi narahat edir.
Problemə neytral mövqedən yanaşdıqda aydın olur ki, təkəbbürü aşıb-daşan müəllif Azərbaycan cəmiyyətinə müharibə elan etməklə bütün çərçivələri keçib. Romanistin gözlənilməz “şücaəti”nə böyük əksəriyyət məhz bu prizmadan yanaşır.Amma belə hadisələr zamanı müşahidə olunduğu kimi, bu çoxluğun fonunda fərqli düşünən azlıq da peyda olub. O, taqətsiz cüssəsi ilə biabır müəllifə dayaq durmaq istəyir.Milli zəmində özünü postmodernist avanqard kimi qələmə verənlər olmazın möcüzə-kəşflərinə əl atırlar ki, əsərin ideyası, fabulası, bədii tərkib və ən əsası, faktoqrafiyasına bəraət qazandırsınlar və bu yolla da orijinal və aktual yaradıcı məhsul kimi şüurlarda təsdiqinə nail olsunlar. Məhz bu cəhdlərə görə əyri romanın doğurduğu reaksiya özü də münasibətə ehtiyaclıdır.Burunlarını hər yerə soxan və özlərini püxtələşmiş ədəbiyyatşünas və tənqidçi sayanlar romanın işıq üzü görməsini vaxtında atılmış addım kimi dəyərləndirir, onu ölkənin mənəvi və ictimai həyatı üçün aktual əsər hesab edirlər. Bəziləri hətta üzdəniraq romanı yeni ictimai şüurun formalaşmasında mühüm hadisə adlandırırlar. Onların məntiqi ilə əsər guya azərbaycanlılarla ermənilər arasında çoxdan gözlənilən barışığa yol açır.Bu fikri əsas götürənlər düşünürlər ki, xəstə məfkurədən doğmuş “sərsəm yuxular” hətta Azərbaycan xalqının etiraf və günahlarının ilk işartılarıdır. Halbuki, elə Azərbaycan xalqı özü erməni elitasının aparıcı zümrəsinin yeritdiyi insanlığa nifrətin və mənfur antitürkizmin qurbanıdır.Təbii ki, Əylis nümayəndəsinin çəkdiyi qəlyandan yayılan qoxu Ermənistanda xoş bir rayihə kimi qəbul olundu. Həmişə oyaq olan düşmən daim tərəfmüqabilinin səhvinin intizarındadır. Amma burada söhbət səhvdən deyil, düşünülmüş təxribatdan getməlidir. Müəllifin düşmən qarşısında gözlənilmədən əyilməsi ermənilər üçün göydəndüşmə hədiyyə oldu.Son günlər ermənilər Azərbaycanın “orxanpamuku”nun ünvanına olmazın təriflərini yağdırıb, əsərə özləri üçün xilasedici vasitə kimi baxır və həm də onu yeni antiazərbaycan təbliğat kampaniyasının başlanmasında impuls sayırlar.Əylis nümayəndəsinin Azərbaycandakı müdafiəçiləri də İrəvanın diqqət mərkəzinə belə düşdülər. Bədnam ədəbiyyatşünasların məhsulu ilə tanış olduqda yalnız bir qənaətə gəlmək mümkündür: kosmopolitizmin qaranlıq künclərində ilişib qalmış zavallılar axmaqlığın odunu söndürüb külü ilə oynayırlar ki, bu da cəmiyyətin onları gicbəsər qismində görməsinə səbəb olur.Özlərini ədəbiyyatşünas sayanlar Azərbaycan Yazıçılar Birliyinin “əsərə” münasibətindən dərhal sonra müəllifin müdafiəsinə qalxıb, guya ona qarşı repressiya dalğasının başlandığı fikrini yaratmağa çalışdılar – kimi gəldi lənətlədilər ki, təki “sərsəm yuxuyozan”ı haqlı çıxarsınlar. İstər-istəməz düşünməli olursan ki, bu adamların gözü tamamən bağlıdır və ona görə də düşmənin nə etdiklərini “görmürlər”.Bu adamlar barışmaz düşmənin dəyirmanına su tökməkdən yorulmurlar. Nəticədə isə öz Vətənini, xalqını və onun tarixini, milli mənliyini çirkaba batırırlar. Ən dəhşətlisi də odur ki, onlar son onillikdə düşmənlə amansız mücadilədə millətin itkilərini qulaqardına vururlar. Xalqın yaşadığı faciə və bədbəxtlikləri belə asanlıqla necə unutmaq olar?Düşmənin faydalı idiot kimi qəbul etdiyi bu ünsürlər özlərini özünəvurğunluq çəpəri ilə xalqdan təcrid etməklə yanaşı, “qeyri-adi uzaqgörənlikləri” ilə həm də istənilən yerdə, istənilən kəsin karına gəlməyə hazırdırlar, təkcə Vətənin deyil. Bu xislətdə olanların Əylis “ecazkarlığına” görünməmiş “qəhrəmanlıq” kimi baxması çox təbiidir.“Sərsəm yuxular”ın kitab bazarında canlanma yaradacağını, xalqın oxumaq marağını artıracağını düşünmələri də onların məntiq və intellekt göstəricisidir. Bəziləri isə iddia edir ki, roman ölkənin çoxsaylı vətənpərvərlərinin ruhunu təzələyəcək. Başqa bir qismi də düşünür ki, Əylisin “öncəgörəni”, sadəcə, ona məxsus sərbəst yaradıcılıqla məşğul olmaq hüququndan istifadə edərək əsərini ərsəyə gətirib və ona görə də onu ermənipərəstlikdə günahlandırıb qınaq obyektinə çevirmək düzgün deyil.Elələri də tapıldı ki, baş verənlərdə yenə hakimiyyəti təqsirləndirib, müəllifə hücumları guya iqtidarın təşkil etdiyi fikrini ortaya atdı. Hansı hücumdan söhbətin getdiyi isə kimsəyə bəlli deyil. Və nəhayət, yeni əsərin kitab şəklində kütləvi tirajla çap olunub oxuculara çatdırılması təklif edilir ki, bu da sağlam məntiqə sığmır. Çox maraqlıdır, deyilmi?Bütün bu cəfəng yanaşmalar yerli postmodernizmi və kiflənmiş andeqraund cərəyanını təmsil edən piyadaların beyninin məhsuludur. Onlar mənəvi yetkinlik sayıqlamaları ilə oturub-durur və deyəsən, düşük liberalizmin torunda ilişib çabalayırlar. Cəmiyyətdəki yerləri və mövqeləri barədə təhrif olunmuş görüntü yaradanlar artıq maniakal psixoza düçar olublar. Belə olmasaydı, Vətəndəki hər şeyi inkar edib özgə varlığını ağızdolusu tərifləməzdilər.Halbuki, mənəvi dəyərlər baxımından özgə meyarı heç vaxt şərəf gətirmir. Budurmu, onların ali dəyərlərə üstünlük verməsi?Son günlər ortaya çıxmış axmaqlıq və postmodernist dəyərlərin gözqamaşdıran kompozisiyası dırnaqarası başbilənlərin adı kimi uzunömürlü olmayacaq və ola da bilməz. Xəstə təfəkkürün məhsulu ictimai şüurdan kənarda qalmağa məhkumdur. Çünki onları yaşadan amillər yox səviyyəsindədir.Boz və mənən dağıdıcı missiyanı yerinə yetirən müəllifi müdafiə edənlər bu davranışları ilə özlərini cəmiyyətlə üz-üzə qoymuş oldular. Onlar elə hey vurnuxurlar ki, hamını və hər şeyi günahkar sayıb özlərini təmizə çıxarsınlar.Bir-birini tamamlamayan adamların qondarma birliyi görünməmiş həyəsızlığı ilə bircə şey “qazana bildi” – cəmiyyətin inamını itirməklə xalqın qəzəbinə tuş gəlməyi.Mütləq kamilliyini nəyin bahasına olursa-olsun sırımağa cəhd edənlərin aqibəti həmişə belə olub. Amma bu da ikibaşlıdır. Çünki donu dəyişdirilmiş həqiqətlə oyunbazlığa qol qoyanlar heç vaxt uğurlu sonluğa gedib çatmır.