Təqibçilərin sayı 20 mindən çoxdur.
İranda açılan bir İnstagram hesabı ölkənin mühafizəkarlarını hirsləndirib.
AZXEBER.COM-un modern.az-a istinadən verdiyi xəbərə görə, “Rich Kids of Tehran” (Tehranın Zəngin Uşaqları) adı ilə açılan hesabda iranlı zəngin gənclərin lüks və dəbdəbəli həyatını əks etdirən fotoşəkillər paylaşılır.
Fotoşəkillərdə estetik əməliyyat etdirən gənc qadınlar əllərində içki qədəhləri ilə poza verir. Zəngin kişilər isə hovuzda, bahalı avtomobillərində gülümsəyir.
Hesab bir ay əvvəl açılmasına baxmayaraq, təqibçilərin sayı 20 mindən çoxdur.
Fotoşəkillərə edilən şərhlər fərqlidir. Bəziləri gəncləri ölkənin dini, mədəni quruluşuna zidd davranmaqla tənqid edir. Bəzi şərhlərdə isə ölkənin iqtisadi böhranda olduğu ifadə edilərək, zənginliyin xaricə vurulması tənqid edilir. Bununla yanaşı, fotoşəkillərlə bağlı kifayət qədər təriflər də yazılır..
İrandakı dini rejim islam qaydalarına zidd meyllərə maneə törətmək üçün sərt cəzalar tətbiq edir.
Keçən ay Pharrell Villiamsın “Happy” mahnısı ilə öz aralarında bir video çəkib bunu ictimai mediada paylaşan altı gənc 91 qamçı vurulmaqla cəzalandırılmışdı.