Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun dostu Vüqar Bəkirov ifadə verib.
V.Bəkirov özü Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə təqsirləndirilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bəkirov deyib ki, Orxan Nadirov onun vasitəsilə bir neçə şəxsdən 45 min manat borc pul alıb qaytarmaması problemi ilə bağlı İlhamə Quliyeva ilə görüşüb: "Mehriban vasitəsilə İlhamə xanımla görüşdüm. İçəri girəndə İlhamə xanım pis gündə idi, beli bükülmüşdü, ayaqlarından çirk gəlirdi. Mehribanla 4-5 dəfə görüşəndən sonra hiss etdim ki, İlhaməyə qarşı onda nifrət var. Deyirdi, ona nəsə olsa, hər şeyi mən idarə edəcəyəm. Mehribanın İlhamə xanımın əmlakını ələ keçirmək istəməsi barədə Orxana dedim. Təklif etdim ki, polisə şikayət edək, Orxan dedi, bunu sübut edə bilmərik. Mehriban məndən saxta vəsiyyətnamə düzəltdirib İlhaməyə imzalatdırmaq üçün kömək istədi. Dedi ki, ona dərman verək, özündə olmayanda notariusun əməkdaşı gəlsin və İlhamə imzalasın. Mən də bunun səsini yazıb İlhaməyə verdim. Biz yalandan İlhamə xanıma dərman əvəzində Vitamin C verdik.
Orxanın borcu ilə bağlı İlhamə xanımla görüşəndə dedi ki, get polisə şikayət elə. Sonra dedi, etmə, üzə çıxar, biabır olaram. Özü borcu olan adamlara zəng edib pulu qaytarmalarını dedi, Orxanın əvəzinə də özü 10 min manat ödədi.
İlhamə xanımla əlaqəm Mebribana görə pozulmuşdu. Mehribanın İlhamə xanımın evindən oğurluq etməsi məsələsi var idi, amma bu təsdiqini tapmadı. İlhamə haqda Mehribanın müdaxiləsi ilə bir yazı yayımlanmışdı. Hər şey də bundan sonra başladı. İlhamə xanım məndən Mehribanın üzünə durmağımı istədi, razılaşmadım, onunla da aramız dəydi".
V.Bəkirov Mehriban Hüseynovanın yalvarması haqda videonun çəkildiyi gün baş verənləri danışıb: "Orada heç kim Mehribanın çantasından pul götürməyib. Özü otağa girən kimi çantanı yerə çırpdı, pul, telefon, üzük, daş, cadu töküldü.. İlhamə xanım dedi, həmin üzük mənimdir, oğurlamısan".
Prosesdə İlhamə Quliyevanın keçmiş prodüseri Faiq Ələkbərov şahid qismində ifadə verib: "Mənə zəng elədi, dedi, başıma oyun açıblar. Evinə gedəndə gördüm, Vüqar, Orxan, Lamiyə, Kəmalə oradadırlar. İlhamə xanım bizə səs yazılarını dinlədirdi. Orada Mehriban məni də təhqir etmişdi. Mehribanı çağırdılar, içəri girən kimi Kəmalə ona bir sillə vurdu. Mehriban İlhamə xanımın yanına gedərək ağlayıb "məni bağışlayın" dedi. İlhamə xanım da mənə dedi ki, videoya çək, mən də açıq çəkdim. Hamı da çəkdiyimi görürdü, heç kim etiraz etmədi".
Məhkəmə prosesi sentyabrın 20-də davam etdiriləcək.
Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.
///"Qafqazinfo"