Bir çox ölkələr yeni karantin qaydalarını tədbiq etməyə başlayıblar.
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, koronavirusun Delta ştamının sürətlə yayılması dünya ölkələrini ciddi hazırlıqlar görməyə məcbur edib.
Fransada həftənin əvvəlindən peyvənd və ya test tələb olunan yerlərin sayı artırılıb. Bu ölkədə vaksin olunanların pasportları və ya xəstə olub sağalmalarını əks etdirən sənədlər bütün iaşə obyektlərində tələb olunur. Sənədləri qaydasında olmayanlar restoranalara buraxılmır. Qanunda edilən dəyişikliyə görə, son 45 gündə qaydalara əməl etməyən vətəndaşlara 9 min avro cərimə və ya bir ilə qədər həbs cəzasının tədbiqi gözlənilir. Sözügedən məhdudiyyətlər muzeylərdə, kinoteatrlarda, stadionlarda, idman mərkəzlərində, sərgi mərkəzlərində, əyləncə və mədəniyyət mərkəzlərində tətbiq olunur.
Almaniyada da sərt tədbirlərin görülməsinə başlanılıb. Yeni qərara əsasən, Fransanın cənubundakı bölgələrdən ölkəyə gələnlər üçün 10 gün karantin rejimi tədbiq edilir.
Hollandiya isə Belçika və Almaniyadan gələn turistlərdən peyvənd sənədi və ya mənfi test nəticəsinin göstərilməsini tələb etməyə başlayıb.
Delta ştamı İranda ölüm sayını rekord həddə çatdırıb. Hazırda dünyada ən çox gündəlik ölüm sayı İranda qeydə alınır.
Tunis əhalinin peyvəndlənməyə qoşulması üçün bir sıra həvəsləndirici kampaniyalara başlayıb.
İsraildə isə "yaşıl keçid” dövrü geri dönüb. Yeni qərara əsasən peyvənd edilmiş və ya xəstəlikdən sağalan insanlar qapalı məkanlara daxil ola biləcəklər.
Epidemiyanın başladığı Çinin Vuhan şəhərində isə vətəndaşların hamısı peyvənd olunub.
Malaziyada ən yüksək günlük ölüm sayı qeydə alınır. Belə ki, bu ölkədə son 24 saat ərzində Covid-19-dan 360 ölüm hadisəsi yaşanıb.
Hazırda koronavirusa dünyada yoluxanların sayı 203 milyonu, həyatını itirənlərin sayı 4 milyon 300 mini, sağalanların sayı isə 182 milyon 600 mini keçib. Dünyada 4 milyard 430 milyon dozadan çox Covid-19 peyvəndi hazırlanıb.
Ayşən Mirzəyeva