Deputat: Avtomobillərin parklanma tariflərinin artırılmasını müsbət qarşılamaq lazımdır

Deputat: Avtomobillərin parklanma tariflərinin artırılmasını müsbət qarşılamaq lazımdır
SOSİAL
12:51 27.03.2024
172
Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Bakıda avtomobillərin parklanma tariflərinin kəskin artırılmasını adekvat qərar kimi hesab edir.

"Report"a danışan deputat deyib ki, bütün ölkələrdə, şəhərlərin mərkəzlərindəki qiymətlər - parkinq ödənişləri, iaşə xidmətləri, kirayələr, ümumiliklər hər şey digər ərazilərə nisbətdə iki-üç dəfə bahadır.

O qeyd edib ki, hazırda müzakirələrə səbəb olan parkinq qiymətlərinin bahalaşması haqqında qərar adekvatdır:

"Bakının mərkəzində hər şey digər ərazilərlə müqayisədə iki-üç dəfə bahadır. Mərkəzdən hətta bir neçə kilometr aralıda qiymətlər nisbətən daha aşağıdır. Parkinq qiymətlərinin də bu məsələyə uyğunlaşdırılması təəccüblü deyil. Hazırda Bakı şəhərinin baş planı hazırlanır. 2040-cı ilə qədər bu prosesə 6 milyarda qədər vəsait xərclənməsi nəzərdə tutulur. Bu prosesin bir hissəsi olaraq bütün parklanma məsələləri də tam həll olunacaq”.

Rüfət Quliyev paytaxtın mərkəzində tıxaclarla bağlı problemləri əsas gətirərək, belə bir qərarın müsbət qarşılanmalı olduğunu deyib:

"Ona görə, belə bir qərarın tətbiqi müsbət qarşılanmalıdır. Bu, ictimai nəqliyyatın inkişafı üçün də faydalı ola bilər. Sakinlər şəhərin mərkəzinə metro və ya avtobuslarla gəlsinlər. Yaxud hər kəs avtomobilini mərkəzdən kənarda münasib parkinqlərdə saxlayıb, piyada hərəkət etsin. Düşünürəm ki, belə olmalıdır”.

Qeyd edək ki, son günlərdə paytaxt Bakının mərkəzi hissələrindəki yeraltı və yerüstü parklanma ərazilərində qiymətlər 2,6 dəfəyədək bahalaşıb. Bu sosial şəbəkələrdə narazıçılığa səbəb olub.
OXŞAR XƏBƏRLƏR