Deputat: Bir çox dövlətlər kazinolar vasitəsi ilə gəlmə turizmi təşviq edirlər

Deputat: Bir çox dövlətlər kazinolar vasitəsi ilə gəlmə turizmi təşviq edirlər
İQTİSADİYYAT
16:34 18.06.2025
288
Son illər müxtəlif alətlər, eləcə də kazinolar vasitəsi ilə fərqli dövlətlərdə gəlmə turizmin təşviq edilməsi müşahidə olunur.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu turizm sektorunda daxil olmalara birbaşa təsir etməklə yanaşı, gəlmə turizmi təşviq edir.

O qeyd edib ki, hazırda qlobal kazino sənayesinin ümumi dövriyyəsi yarım trilyon dollardan çoxdur:

"Son illər bu sahədə artım dinamikası müşahidə olunmaqla yanaşı, proqnozlar da trendin davam edəcəyindən xəbər verir. Belə ki, 2023-cü ildə kazino sənayesinin gəlirləri 540 milyard dollar olub, 2024-cü ildə isə 580 milyard dollara yüksəlib. 2028-ci ilə qədər dövriyyənin həcminin 745 milyard dollara çatacağı proqnoz edilir".

Deputat vurğulayıb ki, Azərbaycana gələn turistlərin sayındakı artım turizm infrastrukturunun daha da inkişaf etdirilməsini, əlavə istirahət və əyləncə obyektlərinin açılmasını daha da aktuallaşdırıb:

"Bir çox turizm ölkələri kimi Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilməsi bu addımlardan biri ola bilər. Belə ki, ərazi və əhalisinin sayına görə Gürcüstan Azərbaycandan kiçik olsa da, turizm gəlirlərinə görə daha öndədir. Gürcüstan kazinolarının gəlirlərinin əhəmiyyətli hissəsi xarici müştərilərdən, o cümlədən Azərbaycandan səfər edən turistlərdən daxil olur. Tədqiqatlar da göstərir ki, kazino biznesinin leqallaşdırılması ölkələrin turizmdən əldə etdiyi gəlirlərin əhəmiyyətli dərəcədə artmasına imkan verir".
OXŞAR XƏBƏRLƏR