"İndi müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Əlbəttə ki, biz Birləşmiş Millətlər Təşkilatı ilə bu məsələlərdə, humanitar vəziyyətlə bağlı məsələlərdə, işğaldan azad olunmuş ərazilərin bərpasına dair planlarımızla bağlı gələcək əməkdaşlığa ümid edirik".
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən gün BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən deyib.
Prezident bildirib ki, UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər:
"Sözsüz ki, bizim BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacımız var. Bildiyiniz kimi, UNESCO ilə də təmasdayıq. Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilmirəm bunu bilirsiniz ya yox biz, bir neçə il bundan öncə hələ işğal dövründə, UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. Çünki, ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər. Biz UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər. UNESCO rəsmiləri dedilər ki, UNESCO siyasi məsələlərə qarışmır. Lakin, müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar aldıq. Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki, demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər. Buna görə biz buna razılaşdıq və mənim də bildiyim qədər son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir".
Prezidentin çıxışı ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov AZXEBER.COM-a bildirib ki, BMT öz qərar və qətnamələrini icra etdirməməklə bütün nüfuz və hörmətini ayaq altına atıb:
"Cənab Prezident bu məsələ ilə bağlı dəfələrlə münasibət bildirib. BMT dünyanın ən böyük beynəlxalq qurumudur. Ancaq mən onların nümayəndələri ilə görüşdə və bir neçə nəfərin iştirakı ilə elə birbaşa özlərinə demişəm ki, siz dünyanın ən böyük beynəlxalq qurumusunuz, amma mən deməzdim ki, dünyanın ən hörmətli və nüfuzlu qurumusunuz. Siz öz qərar və qətnamələrinizi icra etdirməməklə bütün nüfuz və hörmətinizi ayaq altına atdınız. Yəni, mən ermənilərin bizim ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı məlum 4 qətnamənin icra olunmamasını nəzərdə tuturdum. 27 ilə ərzində onların icra etmədiklərini Azərbaycan 44 gündə etdi.
Bu sözləri eləcə də UNESCO haqqında demək olar. Yəni bu təşkilatlar tərəfsiz və qərəzsiz olmalıdır. Onlar ədalətli mövqe sərgiləməlidirlər. Biz bunu işğal dövründə də, işğalda sonra da görmədik. Onlar əvvəlki dəvətləri qəbul edib ermənilərin törtədikləri dağıntıları görmək istəmədilər, Ermənistana qarşı hər qansı bir qərar qəbul etmədilər. Sanki bu qurumlar erməni vəhşiliyinə göz yumurdular və haqq qazandırırdılar”.
Elman Məmmədov onu da qeyd edib ki, dağıntıların bərpa olunmasında Azərbaycana yardım etmək BMT-nin vəzifə borcudur:
"Müharibədən sonra biz onları dəvət etdik. Cənab Prezident bunu dəfələrlə dedi ki, gəlin, baxın, qiymət verin. Bu, BMT-nin vəzifə borcudur ki, dağıntıların bərpa olunmasında bizə yardım etsinlər. Gəlib baxıb sənədləşdirməlidirlər və işğalçı Ermənistanın üzərinə təzminat qoyulması ilə bağlı onların qərarları olmalıdır. Onlar bunu etməlidirlər ki, gələcəkdə başqa bir dövlət və ya elə Ermənistanın özü bir də belə vəhşilik törətməyə cəhd etməsin. Təəssüf ki, bunu görmədik. Bu da məsələlərə ikili, üçlü yanaşmadır. Müəyyən güclərin maraqları ilə yanaşmadır.
Deputat BMT-nin muzdlu bir qurum olduğunu deyib:
"Sirr deyil ki, BMT bu gün muzdlu bir quruma çevrilib. 5-6 dövlətin əlində bir alətə çevrilib. Recep Tayyip Ərdoğan da tribunadan bunu bəyan etdi ki, dünya beş dövlətdən ibarət deyil, dünya beşdən böyükdür. Təbii ki, biz səsimizi hər yerə çatdıracağıq və çadırırıq. Cənab Prezident Laçın, Kəlbəcər səfərində də dedi ki, onlar bunu görmək istəmirlər, ancaq biz məcbur edəcəyik ki, görsünlər”.
Aydın Nuri