Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciəti müzakirələrə səbəb olub.
Bəs görəsən, bu addımın atılmasında əsas məqsəd nədir?
Millət vəkili Asim Mollazadə AZXEBER.COM-a açıqlamasında bildirib ki, Ermənistan hakimiyyətinin bu cəhdi, gələcəkdə keçiriləcək seçki kampaniyası üçün oynanılan oyunların bir parçasıdır:
"Ermənistanda seçkilər olmalıdır və bu seçki ərəfəsində vəziyyət gərgindir. Revanşist qüvvələr, hərbi cinayətləri törədən, siyasətdə qalmaq istəyən, hakimiyyətə qayıtmaq istəyən qüvvələrlə yanaşı, indiki hakimiyyət bu seçkilərdə iştirak edir və öz radikal imicini nümayiş etdirmək istəyir.
Xatırlatmaq istəyirəm ki, Sünik bölgəsinin rəhbərliyi Paşinyana qarşı dəfələrlə çıxış etmişdir. Onlar da bu seçki oyunları prosesində oynayıblar, yəni onlar Zəngəzura, guya Azərbaycan qoşunları yeridilib deyə, belə bir hay-haray qaldırıblar.
Ermənistanın Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatına müraciətini də bu seçki kampaniyasının bir hissəsi kimi qiymətləndirirəm. Əslində, Ermənistan hakimiyyəti hazırda bir məsələ barəsində düşünməlidir:
Üçtərəfli sazişin icrası onun bütün müddəalarını vaxtı-vaxtında yerinə yetirmək.
Əks halda Ermənistan dövləti öz mövcudluğunu təhlükə və sual altında qoyur. Bu oyunlar Ermənistana yaxşı heç nə vəd etmir”.
Millət vəkili qeyd edib ki, Ermənistanın bu oyunları yaxın gələcəkdə onsuz da ağır vəziyyətdə olan ölkənin daha da çökməsinə səbəb ola bilər:
"Ermənistan nifrətə son qoymalıdır. Mövcud olan ərazi iddialarını unutmalıdır və hamı ilə normal münasibətlər qurmalıdır. Buna aparan yol isə tezliklə üçtərəfli sazişin bütün şərtlərini yerinə yetirmək və Zəngəzur dəhlizinin açılmasına dəstək verməkdən ibarət ola bilər. Əks halda Ermənistanın bütün bu oyunları ancaq səfalətdə yaşayanlar, ağır sosial-iqtisadi durumda olan əhalini çox güman ki, ölkədən qaçıracaq. Ermənistandan xaricə kütləvi axın daha da artacaq".
Nərmin Məmmədli