"Bir məsələni yadda saxlamalıyıq ki, bu, koronavirusun birinci dalğası idi. İlk dalğaya Azərbaycan dövlətinin atdığı peşəkar addımlarla qalib gələ bildik".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Cavid Osmanov Azərbaycan Televiziyasının (AzTV) "Koronavirus İnfo" verilişinin "Ekspert rəyi" rubrikasında, Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılmasına münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, birinci dalğada koronavirusa qalib gəlinməsi səbəbi, ilk növbədə xalqla dövlətin həmrəyliyi idi: "İndi açıq etiraf etməliyik ki, ağır bir dövr başlayır. Yenə də deyirəm, Azərbaycan dövləti üzərinə düşən vəzifəni laiqincə və artıqlaması ilə yerinə yetirdi. Vətəndaşlarımızın böyük çoxluğu cənab Prezidentimizin çağırışına müsbət reaksiya verdi, qaydalara əməl etdi. Bu gün isə artıq o mərhələdir ki, vətəndaşlar özünü qorumaqla, ümumilikdə cəmiyyətimizi qorumaq məsuliyyətini bir daha dərk etməlidir. Azərbaycan dövləti cənab Prezidentin rəhbərliyi ilə qabaqlayıcı tədbirləri atmasaydı, koronavirusa bir gündə yoluxanların sayı 500 və yaxud 1000 nəfər ola bilərdi. Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərin məntiqi nəticəsidir ki, koronavirusa yoluxma minlərlə deyil. May ayının 18-dən sonrakı mərhələdə vətəndaşlarımız daha məsuliyyətli olmalıdırlar".