"Son günlər yağan intensiv yağıntılar nəticəsində bəzi ərazilərdə su basmaları ilk növbədə vətəndaşlarımız üçün ciddi narahatlıq doğuran bir vəziyyətdir”.
AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O bildirib ki, bu hadisələrə daha geniş ekoloji və iqlim kontekstində yanaşmaq vacibdir:
"Bu hadisələrə yalnız fövqəladə vəziyyət kimi deyil, daha geniş ekoloji və iqlim kontekstində yanaşmaq vacibdir. Son illərdə müşahidə olunan iqlim dəyişiklikləri, yağıntıların intensivliyinin artması və qeyri-sabit hava şəraiti bu cür hadisələrin tezliyini artırır. Bu baxımdan, şəhərsalma siyasətində suötürücü infrastrukturun gücləndirilməsi, drenaj sistemlərinin müasirləşdirilməsi və təbii su axınlarının qarşısının alınmaması mühüm əhəmiyyət daşıyır”.
Deputat qeyd edib ki, gələcəkdə bu kimi halların təsirini minimuma endirmək üçün ekosistem əsaslı yanaşmalar vacibdir:
"Ekoloji cəhətdən qiymətləndirdikdə isə, torpaq örtüyünün azalması, yaşıllıq sahələrinin kifayət qədər olmaması və bəzi hallarda qanunsuz tikinti fəaliyyətlərinin təbii balansı pozması daşqın riskini artıran amillər sırasındadır. Buna görə də, gələcəkdə bu kimi halların təsirini minimuma endirmək üçün ekosistem əsaslı yanaşmalar, yaşıllıqların artırılması, suyun təbii şəkildə sorulmasını təmin edən sahələrin qorunması və davamlı şəhər planlaşdırılması prioritet olmalıdır. Məqsəd gələcəkdə bu kimi halların təsirinin azaldılması üçün daha dayanıqlı və ekoloji cəhətdən balanslı mühitin formalaşdırılmasıdır”.
Şahanə Ziyad










































