Deputat: “Həftəsonu qadağaları davamlı olmalıdır”

Deputat: “Həftəsonu qadağaları davamlı olmalıdır”
SOSİAL
17:57 16.06.2020
692
Ölkədə karantin rejiminin yumşaldılmasından sonra koronavirusa yoluxma və ölüm sayında artım müşahidə edilir. Operativ Qərargah tərəfindən karantin rejimi qaydalarına əməl edilməsinin, sosial məsafə gözlənilməsinin, maska taxılmasının vacibliyi bildirilsə də, bir qrup vətəndaş tərəfindən qaydalara əməl olunmur.

AZXEBER.COM xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, insanlar karantin rejiminin yumşalmasından sonrakı müddəti koronavirusa qədərki dövrdə olduğu kimi zənn etdilər.

"Bu da epidemiyanın Azərbaycanda daha çox yayılması ilə nəticələndi. Səbəb bəzi insanların koronavirus pandemiyasına məsuliyyətsiz yanaşmalarıdır. Dövlətimiz koronavirusla mübarizədə çox ciddi işlər həyata keçirdi. Maksimum dərəcədə yüksək səviyyəli tədbirlər planı hazırlandı, yeni səhiyyə ocaqları inşa edildi, səhiyyə müəssisələri son model tibbi avadanlıqlarla təmin olundu. Qısa müddət ərzində ölkədə maska istehsal edən müəssisə yaradıldı. Ölkəyə yetərincə tənəffüs aparatı gətirildi. Belə yüksək səviyyədə işlərin görülməsinə baxmayaraq, təəssüf ki, insanların içərisində bu gün də biganəlik, laqeydlik var. Bu, qəbulolunmaz və bağışlanmazdır”.

M.İbrahimqızı bildirib ki, koronavirusla mübarizədə vətəndaşların üzərinə böyük məsuliyyət düşür.

"Cərimələr tətbiq olunur, güc strukturları 24 saat insanların qaydaları əməl etməsinə nəzarət edir. Lakin insanlar yenə də laqeydlik göstərirlər, şayiələrlə oturub-dururlar. Bəziləri yaxınları, dostlarının ailəsində dünyasını dəyişənləri görsələr də, qaydalara əməl etmirlər. Mən seçicilərimə, vətəndaşlara müraciət edirəm ki, bu, ölüm-dirim məsələsidir. Bir insanın taleyi deyil, xalq taleyidir, millətimizin sağlığıdır. İnsanlar özünə necə bağışlaya bilər ki, o, koronavirusun daşıyıcısı olsun, başqasına yoluxdursun və həmin şəxslər dünyasını dəyişsin. Hər kəs qaydalara əməl etməlidir, maska taxmalıdır, sosial məsafə gözlənilməlidir”.

Bundan əlavə, deputat hesab edir ki, yoluxma hallarının qarşısını almaq üçün həftəsonu qapanmaları davamlı olmalıdır.

"Son 3-4 günün dinamikası göstərir ki, bu gün və sabah xəstə sayı azalmayacaq. Düşünürəm ki, vəziyyət normalaşana qədər həftəsonu qadağaları davam edəcək”.

OXŞAR XƏBƏRLƏR