Deputat: “Ramiz Mehdiyevin məktubu mütləq şəkildə araşdırılmalıdır”

Deputat: “Ramiz Mehdiyevin məktubu mütləq şəkildə araşdırılmalıdır”
SİYASƏT
15:33 28.10.2025
379
Ramiz Mehdiyevin Rusiyaya ünvanlandırdığı məktubunun üzə çıxması ölkə ictimaiyyətində ciddi rezonans yaradıb. Sənəddə dövlət idarəçiliyinə müdaxilə, hakimiyyətin dəyişdirilməsi və "Dövlət Şurası” adlı yeni qurumun formalaşdırılması kimi təkliflərin yer alması təhlükəsizlik orqanlarının diqqət mərkəzinə düşüb. 

Milli Məclisin deputatı Fazil Mustafa AZXEBER.COM-a açıqlamasında deyib ki, hüquq-mühafizə orqanları Azərbaycandakı həm kriminagen vəziyyəti, həm də ümumilikdə ictimai təhlükəsizliyi çox ciddi şəkildə nəzarət altında saxlayırlar:

"Dövlət və ictimai təhlükəsizliklə bağlı hansı proses baş verirsə, hüquq-mühafizə orqanları dərhal reaksiya verirlər. Konkret olaraq, Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı müəyyən sübutlar əldə edildikdən sonra onun barəsində hüquqi məsuliyyət məsələsi gündəmə gəldi. Yaşını və səhhətini nəzərə alaraq ev dustaqlığı şəraitində saxlanılır, lakin istintaq prosesi qanunvericiliyə uyğun aparılır. Hazırda istintaq orqanlarının bütün detalları araşdırmaq səlahiyyəti və imkanı var”.

Deputat qeyd edib ki, dünən yayımlanan məktub kifayət qədər ciddi sənəddir:

"Bu məktub dövlət təhlükəsizliyi baxımından narahatlıq doğurur. Bu sənəd mütləq şəkildə araşdırılmalıdır. İstintaq orqanları həmin sənədi təhlil edib öz mövqelərini bildirəcəklər. Məktubda qeyd olunan müddəalar Azərbaycanda gələcəkdə hansısa xarici ölkələrin müdaxiləsi ilə müəyyən proseslərin tənzimlənməsi ehtimalını ortaya çıxarır. Bu isə olduqca təhlükəli bir tendensiyadır. Belə çağırışlar və müraciətlər ölkənin suverenliyi və müstəqilliyi üçün ciddi narahatlıq doğuran məsələlərdir. Ona görə də bu məsələ hərtərəfli araşdırılmalı və hüquqi qiymətini almalıdır. Bu istiqamətdə hüquq-mühafizə orqanları artıq fəaliyyət göstərirlər”.

Parlamentari bildirib ki, bəlkə də başqa yeni sənədlər də ortaya çıxacaq:

"Yaxın zamanda yeni sənədlər də üzə çıxacaq. Hər şey indi tam şəkildə açıqlanmır, lakin məlumatlar üzə çıxdıqca, bu məsələlərin ölkə və müstəqilliyimiz üçün nə dərəcədə təhlükəli tendensiya daşıdığı daha aydın görünəcək. Bu səbəbdən biz hüquq-mühafizə orqanlarına güvənməli və onların addımlarını müəyyən dərəcədə dəstəkləməliyik. Çünki bu məsələ birinci növbədə Azərbaycan dövlətini narahat edən, dövlətimizə yönəlmiş təhdidlərin qarşısını almağa yönəlmiş prosesdir. Bu, hər bir Azərbaycan vətəndaşının, eləcə də dövlət qurumlarının vəzifəsidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR