Deputat: Sərt karantin rejiminin, qapanmaların, qadağaların tərəfdarı deyiləm

Deputat: Sərt karantin rejiminin, qapanmaların, qadağaların tərəfdarı deyiləm
SOSİAL
16:58 18.03.2021
1330
"Hər birimiz koronavirus bəlasından qorunmaq üçün çalışmalıyıq. Təbii ki, bunun üçün daimi təbliğatlar olur, göstərişlər verilir, qadağalar qoyulur. Bunlar hamısı təhlükədən uzaqlaşmaq üçündür. Cəmiyyətdə hər bir şəxsin üzərinə böyük məsuliyyət düşür və hər bir kəs təkcə özünü fikirləşməməlidir. Hər birimiz ətrafdakı onlarla, yüzlərlə insanı fikirləşməliyik. Buna görə məsuliyyətli olmaq lazımdır.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin üzvü, deputat Elman Məmmədov deyib.
 
O deyib ki, qapanmaların tərəfdarı deyil, ancaq hər bir vətəndaş məsuliyyətli olmalıdır: 
 
"Mən şəxsən sərt karantin rejiminin, qapanmaların, qadağaların tərəfdarı deyiləm. Çünki burada sosial, iqtisadi məsələlər var, ailələrin dolanışığı məsələsi var. Günəmuzd fəaliyyət göstərən, evinə beş manat pul gətirən insanları düşünürək addım atmaq lazımdır. Mən hesab edirəm ki, sərt karantin rejimi yenidən tətbiq edilməməlidir, ancaq cərimələr tətbiq olunmalıdır, məsuliyyətsiz, laqeyd insanlara qarşı mübarizə aparılması mütləqdir. Qapanma üsullarını tətbiq etməkdənsə, başqa effektiv üsulları seçmək daha məqsədəuyğundur. Axı bu iqtisadiyyatımızı çökdürür, insanlarin ailə sistemini məhv edir, dolanışığını çətinləşdirir. Bir ildən çoxdur toylar keçirilmir, gənclər ailə qura bilmir. Bütün bunlara görə başqa çıxış yolu tapmaq lazımdır.

Elman Məmmədov qeyd edib ki, vaksinasiya prosesində insanlar fəal iştirak etməlidilər: "Bu vaksinlər Azərbaycana pulsuz gətirilmir. Azərbaycan dövləti külli miqdarda pul xərcləyir. Şəxsən mən bir aya yaxındır ki, öz ailə üzvlərimlə birgə birinci vaksinasiyamı keçirmişəm, sabah isə ikinci vaksinasıyamı keçirəcəyəm. Şəxsən biz heç bir əks-təsirini görməmişik. O ki, qaldı vaksinasiyanın fəsadlarına mən düşünürəm ki, bu çox nadir hallarda baş verə bilər. Adi bir xəstəlik zamanı da dərman qəbul etdikdə əks təsirləri ola bilər, hətta ölümlə nəticələnə bilər. Nəzərə alsaq ki, vaksinlər dünyanın ən güclü dövlətlərində Çin, ABŞ, Rusiyada istehsal olunur. Əgər bu vaksinlər dünyanın aparıcı dövlətlərində tətbiq edilirsə, hər hansı dedi-qodulara inanmaq tamamilə yanlışdır". 

Millət vəkili insanları məsuliyyətli olmağa, qayda-qanunlara ciddi riayət etməyə çağırıb: ”Hər birimiz bu məsələdə diqqətli olmalıyıq, xəbərdarlıqlara ciddi əməl etməliyik, qadağalara ciddi əməl etməliyik, laqeydlik, məsuliyyətsizlik yoluxmaların artmasına səbəb olur.
 
Nərmin Məmmədli
OXŞAR XƏBƏRLƏR