“Temperaturun qaldırılması və bu şəraitdə öz maraqlarının həyata keçirilməsi üçün reallaşdırılan layihələr hədsiz sıx olacaq”.
Bu sözləri AZXEBER.COM-a millət vəkili Zahid Oruc, son günlər sosial şəbəkələrdə Nefçalada kütləvi etirazların başlanması ilə bağlı dezinformasiya yayan şəxslərin hərəkətlərini şərh edərkən söyləyib. Onun fikrincə bu il seçki ili olduğu üçün bu cür dezinformasiyaların çoxluq təşkil edəcəyi gözlənilir:
“İlk növbədə qeyd edim ki, informasiya manipulyasiyası dünyada geniş yayılıb və adamların psixologiyası üzərindən müxtəlif tələlər qurmaq və sonradan hər hansı hədəfə doğru istiqamətləndirmək nöqteyi-nəzərdən belə məkanlar əlverişlidir. Xüsusilə nəzərə alsaq ki, bu gün Azərbaycanda kommunikasiya sistemləri geniş yayılıb və mühüm əhatə dairəsinə malikdir. Orta yaş göstəricisinə malik insanların, böyük bir kontingentin bu kommunikasiyalardan istifadə etməsi fonunda düşünürlər ki, müəyyən effektlər əldə edə biləcəklər. Həm də digər tərəfdən dünyanın bütün yerlərində istənilən zəmində narazılıqlar mövcuddur.
Ən böyük Avropa dövlətlərində belə insanlar müəyyən sosial tələblərini ortaya qoyurlar. Bu cəhətdən düşünürəm ki, bu, Azərbaycanda da əlverişli texnologiyadır və onu gündəmə gətirməklə ayrı-ayrı insanları simvol olaraq mənfi tipajda göstərməklə onların əleyhinə hansısa kampaniyaları düzənləmək olar. Ona görə də bir-birinin ardınca virtual aləmdə hər gün aksiyalar olur və xüsusi hökmlər verilir.
Amma bu da reallıqda nəticə vermir. Zənn edirəm ki, biz bunlardan tam nəticə çıxarmalıyıq. İlk olaraq o bölgələrdə sosial və ya digər sferada nöqsanlar varsa, bunlar mütləq aradan qaldırılmalıdır. Uğurlu iqtidarlar, ağıllı hakimiyyətlər həmişə belə edir. Düşünürəm ki, bu halda artıq o virtual fırtınalar internetdə coşduğu kimi elə internetdə də sönəcək və heç bir nəticə verməyəcək. Digər yandan isə, zənnimcə, bunlar faktiki olaraq 2013-cü ilin seçki qabarmalarıdır. Temperaturun qaldırılması və bu şəraitdə öz maraqlarının həyata keçirilməsi üçün reallaşdırılan layihələr hədsiz sıx olacaq. Hələ bu, dezinformasiyaların orta növüdür. İnsan itkilərindən də, mühüm digər toqquşmalardan da, hətta ərəb dünyasındakı şəkillərin montaj edilərək dövriyyəyə buraxılması kimi nümunələrlə də hələ çox qarşılaşacağıq.
Buna da biz hazır olmalıyıq. Hakimiyyətin informasiya ilə işləyən qurumları bu məsələləri ciddi nəzərə almalı, hər bir hadisəyə operativ reaksiya verməlidir”.
Ceyhun