"Tarif Şurasının Azərbaycanda təbii qaz və elektrik enerjisi qiymətlərinin artırılması ilə bağlı qərarı əhalinin mütləq əksəriyyətinin maraqlarına uyğundur”. AZXEBER.COM xəbər verir ki, bunu Ölkə.Az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov bildirib.
YAP-çı deputat deyib ki, Tarif Şurasının qərarı sıravi və imkanı zəif olan əhaliyə təsir etməyəcək.
Onun sözlərinə görə, əhalinin böyük əksəriyyəti il ərzində cəmi 1500 kubmetr mavi qaz və ay ərzində 250 kilovat saat elektrik enerjisi işlədir:
"Tarif Şurasının Azərbaycanda təbii qaz və elektrik enerjisi qiymətlərinin artırılması ilə bağlı qərarı qaçılmaz idi. Təbii ki, bu cür differensiasiyalaşma və optimallaşmada əhalinin maraqları tam şəkildə nəzərə alınıb. Orta statistik göstəricilər də onu sübut edir ki, əhalinin böyük əksəriyyəti il ərzində 1500 kubmetr mavi qaz və ay ərzində 250 kilovat saat isə elektrik enerjisi işlədir. Ona görə də bu limitin aşağı və orta gəlirli istehlakçılara heç bir təsiri olmayacaq. Yəni, sıravi əhali istifadə etdiyi enerjilərə görə yenə də əvvəlki qiymətlərlə ödəniş edəcək. Kimlər ki, qoyulan limitdən artıq istifadə edəcəksə, yalnız onlar yeni tariflərlə ödəməli olacaq. Bu isə ədalət prinsipinə söykənən addımdır. Yəni, kim çox elektrik enerjisi və mavi qaz işlədəcəksə, deməli onun imkanları genişdir”.
A.Hüseynov əlavə edib ki, Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən sənayenin və digər sahələrin inkişaf etdirilməsi üçün bu cür addımların atılması zəruridir.