Deputat: “Televiziyalar insanların şəxsi həyatını ictimailəşdirməməlidir”

Deputat: “Televiziyalar insanların şəxsi həyatını ictimailəşdirməməlidir”
SOSİAL
17:14 25.02.2026
188
Son dövrlər sosial şəbəkələrdə və televiziya efirlərində milli adət-ənənələrin və ailə dəyərlərinin qorunması məsələsi yenidən geniş müzakirə mövzusuna çevrilib. Xüsusilə əyləncə proqramlarında boşanma halları və şəxsi həyatla bağlı məqamların qabardılması cəmiyyətdə narahatlıq doğurur və bu tendensiyanın milli-mənəvi dəyərlərə təsiri ilə bağlı suallar yaradır.

Milli Məclisin deputatı, Elm və təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlamasında deyib ki, televiziya ictimai şüura güclü təsir göstərən mühüm vasitədir:

"Son vaxtlar televiziyalar və sosial şəbəkə kontentində milli-mənəvi dəyərlərimizə zidd olan verilişlərin və çağırışların artdığını müşahidə edirik. Bu, artıq ciddi bir problemə çevrilməkdədir. Televiziya ictimai şüura güclü təsir göstərən mühüm vasitədir və bu vasitədən düzgün istifadə olunmalı, ona düzgün yanaşılmalıdır”.

Deputat deyib ki, bəzi televiziya kanalları milli-mənəvi dəyərlərimizə mənfi təsir göstərir:

"Təəssüf ki, proses fərqli və arzuolunmaz istiqamətdə inkişaf edir. Bəzi televiziya kanalları milli-mənəvi dəyərlərimizə mənfi təsir göstərir. Bir sıra kanallar istisna olmaqla, əksər kanallarda problemin mövcudluğu müşahidə olunur və bu, ciddi narahatlıq doğurur”.

Parlamentari qeyd edib ki, televiziyalar insanların şəxsi həyatını ictimailəşdirməməlidir:

"Bu gün televiziya məkanında yayımlanan məzmuna yenidən baxılmalıdır. Televiziya bayağı musiqini təbliğ etməməli, insanların şəxsi həyatını ictimailəşdirməməlidir. Televiziyaların əsas məqsədi və missiyası cəmiyyətə faydalı olmaq, onun mənəvi inkişafına töhfə verməkdir. Onlar cəmiyyətin mənəvi baxımdan güclənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına xidmət etməlidir. Ucuz şouların və mənasız təbliğatın qarşısı alınmalı, bu kimi halların təkrarlanmaması üçün məsuliyyətli yanaşma nümayiş etdirilməlidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR