Deputat: Xarici ticarətdə dəyişikliklər ilin sonunda daha aydın görünəcək

Deputat: Xarici ticarətdə dəyişikliklər ilin sonunda daha aydın görünəcək
İQTİSADİYYAT
16:09 18.03.2026
219
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 milyard 264 milyon ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2024-cü illə müqayisədə 29,7% azdır.

Bu dövr üzrə ixracın həcmi 23,1% azalaraq 3 milyard 665. milyon dollar təşkil edib. İdxal da 37,2% azalaraq 2 milyard 599 milyon dollara bərabər olub.

Milli Məclisin deputatı Vüqar Bayramov AZXEBER.COM-a açıqlamasında deyib ki, xarici ticarətin həcminə illik əsasda baxmaq lazımdır:

"Xarici ticarətin həcminə bir neçə aylıq deyil, illik əsasda baxılması vacibdir. Çünki xarici ticarətdə elə hallar olur ki, bəzi aylarda azalma, digər aylarda isə artım müşahidə edilir. Ona görə də illik göstəricilər daha önəmlidir və 2026-cı ilin yekununda 2025-ci illə müqayisədə xarici ticarətdə hansı dəyişikliklərin baş verdiyi daha aydın görünəcək”.


Deputat vurğulayıb ki, ixracın azalmasının bir neçə səbəbləri mövcuddur:

"Təbii ki, ilin ilk aylarında xarici ticarətin həm ixrac, həm də idxalında azalmanın öz səbəbləri var. İxrac birbaşa enerji məhsullarının qiymətləri ilə bağlı olduğuna görə, yanvar-fevral aylarında bu məhsulların qiymətlərində ciddi artım müşahidə olunmadı. Orta qiymət təxminən 65 dollar səviyyəsində qaldı. Bu da neft satışından əldə edilən gəlirlərə və ümumilikdə ixracın həcminə təsir göstərdi”. 

Parlamentari vurğulayıb ki, idxalın azalması  əsasən mövsümi amillərlə bağlıdır:

"Adətən ilin əvvəlində idxala tələb aşağı olur. Lakin mart ayının ikinci yarısından etibarən idxala tələbin artması müşahidə edilir. Ümumilikdə, ilin ikinci yarısında idxalın daha da artacağı gözlənilir. Bu baxımdan idxalın azalması birbaşa mövsümi faktorlarla izah olunur.Nəticə etibarilə, ilin yekununda xarici ticarət balansının necə dəyişəcəyi daha dəqiq məlum olacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR