"Səhiyyə sistemində çalışan insanların əməyinin qiymətləndirilməsi həm sosial siyasətin, həm də dövlətin insan kapitalına münasibətinin mühüm göstəricisidir. Bu baxımdan TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması mühüm sosial qərar kimi qiymətləndirilməlidir.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, bu təşəbbüs Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən irəli sürülüb:
"Məlum olduğu kimi, bu təşəbbüs Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən irəli sürülüb. Təşəbbüsün əsas məqsədi tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, onların əməyinin daha yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsidir.
Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq verib.
İslahatın miqyası da kifayət qədər böyükdür. Yeni əməkhaqqı qaydaları sentyabrın 1-dən tətbiq olunur və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edir. Nəticədə TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz artacaq. Rəqəmlər göstərir ki, söhbət sadəcə maaş artımından getmir. Əslində burada səhiyyə sisteminin kadr siyasətinə yeni yanaşma ortaya qoyulur. Xüsusilə regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün əməkhaqqının artırılması həm gənc mütəxəssislərin bölgələrə cəlb edilməsinə, həm də mövcud kadrların regionlarda fəaliyyətini davam etdirməsinə stimul yaradacaq.
Deputat həmçinin bildirib ki, 72 mindən çox tibb işçisini əhatə edən bu qərarı səhiyyə kollektivinin əməyinə verilən kompleks qiymətdir:
"İnsan kapitalına sərmayə qoyuluşu uzunmüddətli perspektivdə səhiyyə xidmətlərinin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir. Bu baxımdan yeni əməkhaqqı islahatını Azərbaycan səhiyyəsinin gələcəyinə yönəlmiş strateji investisiya kimi qiymətləndirmək daha doğru olar. Cənab Prezident hər zaman bəyan edir ki, ölkəmizdə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları dayanır. Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın humanist təşəbbüsləri də hər zaman insanların sağlamlığına, təhsilinə, sosial rifahına və mənəvi dəyərlərinə sərmayə qoymaqdan ibarətdir. Həmçinin Heydər Əliyev Fondunun fəaliyyət istiqamətləri də səhiyyə, təhsil, sosial müdafiə, mədəniyyət və digər sahələri əhatə edir. Mehriban xanımın bu təşəbbüsü və cənab Prezidentin bu təşəbbüsü dəstəkləməsi bir daha dövlətin cəmiyyətin bütün təbəqələrinə, o cümlədən səhiyyə işçilərinə həssas münasibətinin göstəricisidir”.
Günel Hüseynli











































