"Deputatlığa namizədlər media ilə normal şəkildə işləməlidirlər. Əgər deputat öz materiallarını media orqanına verməyibsə, bundan sonra onunla qeyri-adi heç nə baş vermir. Əvvəl həmin mətbuat orqanı sözügedən namizədlə necə davranıbsa, o şəkildə də münasibətlər davam etməlidir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Qulu Məhərrəmli deputatlığa namizədlərin media ilə işləməməsi məsələsinə münasibət bildirərkən deyib.
O bildirib ki, media öz prinsiplərinə sadiq qalmalıdır:
"Təbliğat materiallarının mətbuat orqanına verilib-verilməməsi heç nəyi həll etmir. Medianın öz prinsipləri var və həmin prinsiplərə əməl edərək bundan sonrakı fəaliyyətini davam etdirməlidir. Deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasını necə qurmağı bilavasitə onların öz işləridir, taktikalarıdır. Necə istəyirlərsə, elə də edirlər, burada qəbahət bir iş yoxdur".
Əməkdar jurnalist hesab edir ki, bütün hallarda deputatlığa namizədlər media ilə normal şəkildə işləməlidirlər:
"Əlbəttə ki, burada mətbuatsız keçinmək olmaz. Təbii ki, əgər mətbuat həmin məlumatları ödənişli əsaslarla işıqlandırırsa, bu, namizədlərdə müəyyən düşüncələr, duruxmalar yarada bilir. Yox, əgər media bu təbliğat və təşviqat kampaniyasını pulsuz edirsə, o zaman hesab edirəm ki, medianın xidmətindən istifadə etmək olar. Bütün hallarda deputatlığa namizədlər media ilə normal şəkildə işləməlidirlər. Əgər deputat öz materiallarını media orqanına verməyibsə, bundan sonra onunla qeyri-adi heç nə baş vermir. Əvvəl həmin mətbuat orqanı sözügedən namizədlə necə davranıbsa, o şəkildə də münasibətlər davam etməlidir. Təbliğat materiallarının mətbuat orqanına verilib-verilməməsi heç nəyi həll etmir. Medianın öz prinsipləri var və həmin prinsiplərə əməl edərək bundan sonrakı fəaliyyətini davam etdirməlidir".
Mikayıl Mirzəzadə